2016-12-05

Yanvar-oktyabr aylarında Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb. Azərbaycanda 127 Pakistan sərmayəli şirkət fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 5-də Bakıda Azərbaycan və Pakistan biznes dairələrinin iştirakı ilə keçirilən işgüzar görüşdə deyib. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycan Respublikası Prezidentinin ölkələrimiz arasında əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Azərbaycan və Pakistan strateji tərəfdaşlardır və 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Qeyd edilib ki, Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdəndir. Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu dəstəyi beynəlxalq təşkilatlar çərçivəsində də göstərir. Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyıb. Şahin Mustafayev buna görə Pakistan tərəfinə bir daha minnətdarlıq edib.

Görüşdə humanitar sahədə də ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərində qızlar üçün orta məktəb tikilib, Pakistana müxtəlif yardımlar göstərilib və s.

Azərbaycan Pakistan ilə iqtisadi əlaqələrin inkişafında və bu əlaqələrin siyasi sahədəki yüksək əməkdaşlıq səviyyəsinə çatdırılmasında maraqlıdır. İndiyədək ölkələrimiz arasında 36 sənəd imzalanıb ki, bunun 12-si iqtisadi sahədədir. 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb. Azərbaycanda 127 Pakistan sərmayəli şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Şahin Mustafayev ticarət, kənd təsərrüfatı avadanlıqlarının istehsalı, əczaçılıq, turizm, tranzit sahələrində əməkdaşlıq, eləcə də birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsinin vacibliyini vurğulayan iqtisadiyyat naziri Azərbaycanın kənd təsərrüfatı, meyvə şirələri, mineral sular, kimya, metal borular və konstruksiyalar və s. məhsullarının Pakistana ixrac imkanlarını qeyd edib.

2017-ci ilin əvvəlində Azərbaycanın ixrac missiyasının Pakistana səfəri təşkil olunacaq və Azərbaycan məhsulları bu ölkədə təşviq olunacaq. Görüşdə, həmçinin ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün birgə işçi qrupun yaradılması barədə razılığa gəlinib.

Əczaçılıq sahəsində əməkdaşlıq imkanlarına toxunan Şahin Mustafayev Pirallahı Sənaye Parkı və burada iş adamları üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Qeyd olunub ki, hazırda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodu tikilir, bir sıra xarici şirkətlərlə bu sahədə danışıqlar davam etdirilir. Pakistan şirkətləri ilə də bu sahədə əməkdaşlıq mümkündür. Bundan başqa, Mingəçevir Sənaye Parkı yüngül sənaye sahəsində ixtisaslaşıb və bu parkda birgə toxuculuq müəssisəsi yaradıla bilər.

Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan Azərbaycana ilk səfəri olduğunu və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafının Pakistanda maraqla izlənildiyini vurğulayıb. Bildirilib ki, Pakistan ölkələrimiz arasındakı nümunəvi siyasi dostluq əlaqələrinin güclü iqtisadi tərəfdaşlığa çevrilməsində maraqlıdır. Xürrəm Dastgir Xan ticarət və investisiya sahəsində əməkdaşlıq, eləcə də kənd təsərrüfatı avadanlıqlarının istehsalı, əczaçılıq, toxuculuq sahələrində birgə müəssisələrin yaradılması imkanlarını diqqətə çatdırıb. Toxuculuq, əczaçılıq və idman malları istehsalı sahələrində Pakistanın geniş təcrübəyə malik olduğunu bildirən qonaq bu sahədə əməkdaşlıq imkanlarını qeyd edib. Xürrəm Dastgir Xan Azərbaycan şirkətlərini Pakistanda həyata keçirilən enerji və infrastruktur layihələrində iştiraka, eləcə də Pakistanda təşkil olunan sərgilərə dəvət edib. Bildirilib ki, Azərbaycanda və Pakistanda sərgilər təşkil etməklə hər iki ölkənin məhsulları təqdim oluna bilər. Bundan başqa, iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə görüşlər və qarşılıqlı səfərlərin təşkili də əhəmiyyətlidir.

Sonra sənaye, kimya, tekstil, tikinti, mədən sənayesi, polad istehsalı, logistika, tibb, əczaçılıq, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan və Pakistan şirkətləri fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat veriblər.

İşgüzar görüş iş adamları arasında müzakirələrlə davam etdirilib.

Pakistanlı qonaqlar Bakı Biznes Mərkəzinin foyesində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olublar.

Arxiv üzrə axtarış