2016-12-12

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Pakistandakı Səfirliyində anılmışdır. Əvvəlcə Səfirliyin kollektivi ümummilli lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə çiçəklər qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Səfirlikdə keçirilən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə danışmışdır. Diplomat ölkəmizin müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub-saxlanmasında, beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırmışdır. Ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan inkişafın, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu vurğulamış, ulu öndərin həyat yolu və fəaliyyətinin, Azərbaycan-Pakistan əlaqələrinin yaranmasında göstərdiyi xidmətlərinin Pakistanda da gənc nəslin nümayəndələrinə tanıdılması istiqamətində aparılan işlərin davam edəcəyini bildirmişdir. Səfir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulamışdır.

Səfirliyimizin kollektivi həmçinin, İslamabad şəhərində yerləşən, bir çox dünya liderlərinin, o cümlədən, ulu öndər Heydər Əliyevin ağac əkdiyi Şəkərpariyan Parkına da baş çəkmiş, ulu öndərin əkdiyi ağaca qulluq göstərmiş, su vermişlər.

Arxiv üzrə axtarış