2017-12-08

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş “Uzaqgörən liderlərin gənclərin inkişafında rolu: Heydər Əliyev və Məhəmməd Əli Cinnah” mövzusunda seminar İslamabad şəhərində keçirilmişdir.

Pakistanda akkreditə olunmuş bir sıra ölkələrin səfirlərinin, diplomatların, Pakistanın bir sıra digər universitetlərinin tələbə və müəllim heyətinin, kütləvi informasiya vasitələri nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilən seminarda ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və onun ruhuna Qurani-Kərimdən ayələr oxunmuşdur.

İştirakçıları salamlayaraq seminarı açıq elan edən COMSATS İnformasiya Texnologiyaları İnstitutunun beynəlxlaq əlaqələr idarəsinin rəhbəri, professor Ərşad Malik bir-birinə yaxın, dost ölkələr olan Azərbaycanla Pakistanın siyasi liderləri - Heydər Əliyev və Məhəmməd Əli Cinnahın həyat və fəaliyyətlərində mühüm bənzərliklərin olduğunu, bu liderlərin fədakarlıq göstərərək  xalqlarının çətin anında meydana atılaraq siyasətə yön verdiklərini bildirmişdir. Natiq, seminarın iştirakçılar üçün bu liderlər haqqında yeni bilgilər əldə etməsi baxımından  faydalı olacağına inamını ifadə etmişdir.

Kayde Əzəm Universitetinin professor, elmlər doktoru Riaz Əhməd Heydər Əliyev və Məhəmməd Əli Cinnahın həyat və fəaliyyəti, onların malik olduğu liderlik keyfiyyətləri, tətbiq etdikləri doğru və ardıcıl strategiyalar sayəsində Azərbaycan və Pakistan xalqlarının müstəqil dövlətə yiyələndiyini bildirmişdir. O, Heydər Əliyev və Cinnahın qətiyyətlilik, uzaqgörənlik, çeviklik kimi keyfiyyətlərlə və müxtəlif ideyalara açıq olmaq və milli dəyərləri qorumaqla müasirliyə inteqrasiyanı həyata keçirmək xətti yeritməklə, öz ölkələrini irəli apara bildiyini diqqətə çatdırmışdır. Riyaz Əhməd hər iki ölkənin müasir gəncliyinin onlardan ilham alaraq, vətənə xidmətin uğurlu nümunəsini ortaya qoya biləcəyini bildirmişdir. Professor həmçinin Bakıya səfəri zamanı Heydər Əliyevin yaratdığı Azərbaycanın iqtisadi və elmi-texniki tərəqqisinin şahidi olduğunu qeyd etmişdir.

Pakistanda keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” essesinin qalibi kimi Azərbaycana səfər edən COMSATS İnformasiya Texnologiyaları İnstitutunun beynəlxalq əlaqələr idarəsinin rəhbərinin müavini, gənc mühəndis Qeysər Navabzadə Xəttak çıxışında ümummilli liderlər Heydər Əliyev və Cinnahın öz xalqlarının siyasi həyatında müstəsna rol oynamaqla, ictimai həyatın bütün sahələrində inkişafın əldə edilməsində, dövlətçiliyin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərməklə gəncliyə nümunə olduqlarını vurğulamışdır.

COMSATS İnformasiya Texnologiyaları İnstitutunun rektoru Rahil Qəmər böyük liderlərin ölkələrinin siyasi tarixinin və gəncliyinin formalaşdırılmasındakı roluna toxunmuş, liderlərin formalaşdırlmasında cəmiyyətin və liderin şəxsi keyfiyyətlərinin rolunun daim müzakirə predmeti olduğunu bildirmişdir.

COMSATS-ın icraçı direktoru, elmlər doktoru Cüneyd Zaidi isə, İnstitutda “Heydər Əliyev kürsüsü” təsis edərək, müəyyən kriteriyalar üzrə hər iki ölkədən aparıcı elm adamlarını bu kürsüyə üzvlüklə mükafatlandırmağın mümkünlüyündən danışmışdır. 

Seminara qatılanlara təşəkkürlərini ifadə edən Azərbaycan Respublikasının Pakistandakı Səfiri Əli Əlizadə çıxışında Azərbaycanın dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi ümummilli lider Heydər Əliyevin xüsusi gənclər siyasətini də müəyyənləşdirdiyini, gənclərlə mütəmadi görüşərək onları vətənpərvər, müasir kadrlar kimi yetişərək cəmiyyətin idarəçiliyinə töhfə verməyə təşviq etdiyini, gəncliyi daim dəstəklədiyini nəzərə çatdırmışdır. Səfir bu siyasətin hal-hazırda da uğurla davam etdiyini və Azərbaycan gənclərinin ölkəmizi yüksək beynəlxalq kürsülərdə təmsil etdiyini bildirmişdir. Səfir mənalı həyat yolu keçən ulu öndər Heydər Əliyevin müasir gəncliyə örnək olduğunu vurğulamış, həmçinin Pakistanın böyük lideri Məhəmməd Əli Jinnahın “Bizim gənclik daim özünü intizam və təhsillə təchiz etməli və qarşılarında duran çətinlikləri hər an dəf etməyə hazır olmalıdırlar”-sözlərini sitat gətirmişdir. Səfir gələcəyimizin sağlam, vətənpərvər və ağıllı gənclərdən asılı olduğunu deyərək, hər iki ölkənin gənclərini daha sıx əməkdaşlığa çağırmış, gənclərimizi böyük liderlərimizdən örnək götürərək ölkələrimizi irəli aparmağa səsləmişdir.

Çıxışlardan sonra, Pakistan və Azərbaycan məzunları, gəncləri arasında, elmi, mədəni, humanitar və sosial sahələrdə əlaqələrin daha da artırılması istiqamətində fəaliyyət göstərəcək, müəyyən birgə layihələrin və tədbirlərin həyata keçirilməsi ilə hər iki ölkənin vətəndaşları, xüsusən gəncləri arasında əlaqələrin artırılmasına xidmət edəcək Pakistan - Azərbaycan Məzunlar Assosiasiyasının təsis edildiyi elan olunmuş və Assosiasiyanın loqosu təqdim edilmişdir.

Arxiv üzrə axtarış