2018-01-23

20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar olaraq “Şəhidlər ölməz və unudulmazdır” adlı Azərbaycan şəhidlərinin, eləcə də Pakistan şəhidlərinin anılması mərasimi 22 yanvar 2018-ci il tarixdə Pakistanın Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsində keçirilmişdir.

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin təşkilatçılığı və Pakistan Daxili İşlər Nazirliyinin əməkdaşlığı ilə 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar olaraq “Şəhidlər ölməz və unudulmazdır” adlı Azərbaycan şəhidlərinin, eləcə də Pakistan şəhidlərinin anılması mərasimi 22 yanvar 2018-ci il tarixdə Pakistanın Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsində keçirilmişdir.

Pakistan daxili işlər nazirinin müavini Rizvan Malikin ali qonaq qismində qatıldığı, Pakistanlı şəhid ailələrinin, polis zabitlərinin, xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatların, kütləvi informasiya və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir, Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsində Azərbaycan və Pakistan bayraqlarının dalğalandığı “Şəhidlər” abidəsinə əklilin qoyulması və fəxri qarovul dəstəsinin qonaqları qarşılama və şəhidləri yad etmə mərasimi ilə başlamışdır.

Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsinin auditoriyasına davam edən mərasimdə Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilmiş, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmiş, 20 Yanvar hadisələrinin tarixi arxa planı, eləcə də Azərbaycanın müstəqilliyinin qazanılmasındakı rolundan bəhs edən videoçarx nümayiş olunmuşdur.

Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsinin rəhbəri, baş inspektor Dr. Sultan Azam Teymuri 20 Yanvar hadisələrinin 28-ci ildönümünün və hər iki ölkə şəhidlərinin xatirəsinin rəhbərlik etdiyi qurumda yad edilməsinin qururverici olduğunu vurğulamış, təşəbüssə görə Azərbaycanın Pakistandakı Səfirliyinə minnətdarlığını çatdırmışdır. Dr.Sultan Azam Teymuri Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsinin əməkdaşlarının Pakistanın terrorla mübarizədə apardığı əməliyyatlarda şücaətindən bəhs etmiş, şəhidlərin hər zaman hörmət və ehtiramla yad olunacağını bildirmişdir.

Pakistan daxili işlər nazirinin müavini Rizvan Malik çıxışında Azərbaycanın şəhidlərinin öz canlarını vətən uğrunda fəda verdiyini, şəhidlərin xatirəsinin əziz tutulduğunu, Azərbaycanda olduğu kimi eyni ilə Pakistanda da şəhid ailələrinə daim diqqət və qayğı göstərildiyini bildirmişdir. Azərbaycanla yanaşı Pakistanın da terrorla mübarizədə böyük qurbanlar verdiyini bildirən daxili işlər nazirinin müavini, hər iki ölkənin bundan sonra da terrora və ekstremizmə qarşı mübarizəni davam etdirəcəyini, sülh və sabitliyin nəzarət altında saxlanacağını diqqətə çatdırmışdır.

Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud ul Həsən Xan öz istiqlaliyyətini tələb etmək üçün dinc etiraz hərəkatına baş vuran Azərbaycan xalqına qarşı Sovet İmperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan haqlarının birbaşa pozulması və cinayət olduğunu ifadə etmişdir. Mahmud ul Həsən bu hadisənin yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün mühüm nəticələrə səbəb olduğunu, SSRİ-nin dağılması ilə Azərbaycan və digər postsovet ölkələrin azadlığa qovuşduğunu faktlarla izah etmiş, ulu öndər Heydər Əliyevin həmin zaman SSRİ və onun rəhbərliyinə qarşı tarixi bəyanatının, göstərdiyi qətiyyət və böyük fədakarlığının əvəzedilməz olduğunu vurğulamışdır.

Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında hüznlü, lakin eyni zamanda şərəfli gün kimi qaldığını bildirən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar hadisələrinin motivlərinə toxunmuş, tarix boyu, eləcə də 1987-ci ilin sonlarından etibarən SSRİ rəhbərliyinin bilavasitə dəstəyi ilə ermənilərin Azərbaycan xalqına qarşı qətllər və etnik təmizləmə siyasəti həyata keçirdiyini bildirmişdir. Səfir Ermənistandan yüz minlərlə Azərbaycanlının deportasiya olunmasına, həmçinin Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana hədiyyə edilməsi kimi haqsızlıqlara qarşı 1990-cı ilin əvvəllərində Bakıda başlayan dinc nümayişlərin 20 Yanvar 1990-cı ildə Sovet ordusu tərəfindən kütləvi qırğınla yatırılmasına cəhd edildiyini diqqətə çatdırmışdır. Səfir Əli Əlizadə Sovet rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılan, çoxsaylı erməni əsilli xüsusi təyinatlıların da cəlb olunduğu Sovet ordusunun hərbi birləşmələrinin törətdiyi bu qırğının Azərbaycan xalqının azadlıq əzmini qırmaq və Sovet rejimini xilas etmək məqsədi daşıdığını, lakin tam əks nəticə verərək Azərbaycan xalqını qətiyyətlə birləşdirdiyini, müstəqilliyin labüdlüyünü sübut etdiyini bildirmişdir. Əli Əlizadə Sovet rəhbərliyinin və mediasının o zaman hadisələri hətta ört basdır etməyə çalışdığını,  lakin bütün təzyiqlərə baxmayaraq ümummilli lider Heydər Əliyevin cəsarətli bəyanatı nəticəsində hadisənin təşkilatçılarının və nəticələrinin dünya ictimaiyyətinə çatdırıldığını və qınanmasına nail olunduğunu qeyd etmişdir. 

 Səfir həmçinin, ermənilərin terrorizm və etnik təmizləmə siyasətindən hal-hazırda da ziyan çəkən Azərbaycanın Pakistanı yaxşı anladığını, qardaş Pakistanın da terrorizm və ekstremizmlə mübarizədə böyük qurbanlar verdiyini, fədakarlıqlar göstərdiyini, Azərbaycan və Pakistan şəhidlərinin qəhrəmanlıq və fədakarlığının hər iki xalq üçün hər zaman qürur və şərəf mənbəyi, eləcə də gələcək nəsillər üçün birlik və həmrəylik yolunda qətiyyət və əzm örnəyi olaraq qalacağını vurğulamışdır.   

Tədbirdə Pakistanın şəhid ailələrinin övladları tərəfindən şəhidlərlə bağlı təqdim olunan səhnəciklər iştirakçılarda hüznlü təəssüratlar yatatmış, polis orkestrinin ifası və mərasim iştirakçılar tərəfindən maraqla qarşılanmış, mərasim Pakistanın şəhid ailələri ilə xatirə şəkillərinin çəkdirilməsi və təşkil olunmuş ehsan süfrəsinin verilməsi ilə başa çatmışdır.

Arxiv üzrə axtarış