2018-04-11

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşmüşdür.

Görüşdə hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanmış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunmuşdur. Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi Pakistan Hərbi Dəniz Qüvvələrinin istənilən köməkliyi və dəstəyi Azərbaycan Hərbi Dəniz Qüvvələrinə göstərməyə hazır olduğunu qeyd etmişdir.

Görüşdə həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, keçirilən təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi və səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış