2019-06-26

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərardahında qeyd olunmuşdur.

Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə rəsmi tədbir keçirilmişdir. İlk dəfə olaraq Pakistanın Birləşmiş Qərargahında keçirilən bu rəsmi mərasimdə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının generalları, zabitləri və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin diplomatları iştirak etmişlər.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixi və inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsinin fəsadları, erməni təcavüzünün və Xocalı Soyqırımının nəticələri və Azərbaycan-Pakistan ikitərəfli hərbi əməkdaşlığı haqqında məlumatı özündə əks etdirən brifinq və videomateriallar iştirakçılara təqdim olunmuşdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov tədbir iştirakçılarını salamlayaraq, onlara Silahlı Qüvvələrimizin yaranma tarixi, inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan ilə Pakistan arasında ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri haqqında məlumat vermişdir. O, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsi olan hər bir sahədə olduğu kimi ordu quruculuğunda da əldə olunmuş nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlardan ibarət olan Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd etmişdir.

Polkovnik Mehman Novruzov 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda işğalçı Ermənistan ordusunun təxribatının qarşısının alınması məqsədilə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları və Naxçıvan Muxtar Respublikasında Günnüt kəndi də daxil olmaqla böyük ərazilərin və strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə nəticələnən 2018-ci ilin may hərbi əməliyatlarından danışmış, ordumuzun uğurlarının bundan sonrada davam edecəyini diqqətə çatdırmışdır. İki qardaş ölkə, Azərbaycan və Pakistan arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edən polkovnik Mehman Novruzov, bu əlaqələrin hərbi, hərbi-təlim və hərbi-texniki sahələri də əhatə etdiyini və hərbi münasibətlərin dinamik inkişaf etdiyini vurğulamışdır. O, tezliklə Azərbaycan ilə Pakistan xüsusi təyinatlılarının birgə təlimlərinin keçiriləcəyini və bu cür təlimlərin iki qardaş ölkənin Silahlı Qüvvələri arasında təcrübə mübadiləsi və qarşılıqlı uyarlılığın əldə olunması baxımından çox mühüm olduğunu bildirmişdir.

Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, aviasiya vitse marşalı İrfan Zaka Pakistanın Birləşmiş Qərargah rəisləri komitəsinin sədrinin təbriklərini çatdırmış, Azərbaycan və Pakistanın hərbi əməkdaşlığının ilbəil güclənməsinin, Azərbaycan Silahlı Qüvvələrinin günü gündən qüdrətlənməsinin sevindirici olduğunu qeyd etmiş və xoş arzularını bölüşmüşdür.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Azərbaycanla Pakistanın ortaq dəyərlərə və bağlara sahib olduğunu, Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonra, Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin yarandığını qeyd etmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi diqqət verdiyini bildirən səfir Əli Əlizadə bunun nəticəsində hərbi sahədə də qarşılıqlı əməkdaşlığın dərinləşdiyini, birgə həyata keçirilən işlər və layihələrin mütəmadi artdığını vurğulamışdır. Səfir Pakistan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda və forumlarda bir birini dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsinin BMT qəbul olunmuş qətnamələri və beynəlxalq hüququn normaları əsasında həllinin tərəfdarı olduqlarını, Pakistanın Azərbaycanın ədalətli mövqeyinin tərəfdarı və dəstəkçisi olmasının daim məmnunluqla qarşılandığını diqqətə çatdırmışdır.

Azərbaycan Silahlı Qüvvələr Gününün Pakistanın Birləşmiş Qərargahında keçirilməsinin möhkəm əməkdaşlığa, strateji dostluq və qardaşlığa əsaslanan Pakistan-Azərbaycan əlaqələrinin bir təzahürü olduğunu bildirən Əli Əlizadə, təşəbbüs və təşkilatçılığa görə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və heyətinə təşəkkürlərini çatdırmışdır.

Çıxışlardan sonra Azərbaycan və Pakistan bayraqlarının əks olunduğu rəmzi tort kəsilmiş, Pakistan Birləşmiş Qərargahının Fəxri qonaqlar kitabında xatirə sözləri yazılmış və hər iki tərəfdən rəsmi hədiyyələrin təqdimatı həyata keçirilmişdir.

Arxiv üzrə axtarış