2020-01-20

Pakistanda 20 Yanvar-Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunmuş rəsm müsabiqəsi və sərgi təşkil olunub

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin Pakistanın Preston Universiteti ilə birgə təşkil etdiyi "20 Yanvar - Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi" adlı müsabiqə-sərgidə Pakistanın 20-dən artıq aparıcı universitetlərinin tələbələri və həvəskar rəssamlar öz işlərini təqdim ediblər.  

Müsabiqəyə təqdim olunmuş rəsm əsərlərin nümayişi ilə bağlı keçirilmiş sərginin açılış mərasimində Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə, Preston Universitetinin rektoru Abdul Basit, xarici ölkələrin Pakistandakı diplomatları, tələbə və tanınmış rəssamlar, sənətkarlar, ictimaiyyət və kütləvi informasiya nümayəndələri də iştirak ediblər.

Bildirilib ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinə həsr olunmuş müsabiqə ilə bağlı rəsm əsərləri 2019-cu ilin 10 dekabr tarixindən başlayaraq bununla bağlı yaradılmış xüsusi komissiya tərəfindən 1 ay ərzində qəbul olunub. Müsabiqəyə dair rəsm əsərləri öncədən elan olunmuş “Şəhidlikdən Müstəqilliyə", "Şəhidlər ölməz və unudulmazdır", "Azərbaycan və Pakistan dostluğu əbədidir", "Azərbaycanın tarixi abidələri və müasir memarlığı", "20 Yanvar - Azərbaycanın müstəqilliyi yolunda böyük bir addım"  mövzularını əhatə edib və Pakistanın bir sıra universitetlərini təmsil edən tələbə və həvaskar rəssamlar öz işlərini təqdim ediblər. Müsabiqəyə təqdim olunmuş 25-dən artıq rəsm şəkilləri xüsusi yaradılmış komissiya tərəfindən nəzərdən keçirilib və müsabiqənin qalibləri də müəyyənləşdirilib. Müsabiqənin qaliblərinin və iştirakçılarının universitetdə keçiriləcək 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı anım mərasimində mükafatlandırılması, onlara pul mükafatlarının, sertifikatlar və müxtəlif hədiyyələrin təqdim olunması nəzərdə tutulub.

Açılış mərasimindən sonra sərgiyə baxış keçirilib və rəssamlar sərgidə nümayiş olunan öz rəsm əsərləri haqqında qısa məlumat veriblər. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və sərginin nümayişinin 3 gün ərzində davam etdirilməsi nəzərədə tutulub.

Arxiv üzrə axtarış