2020-05-13

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda talasemiyya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün növbəti xeyriyyə aksiyası keçirilib

Bu münasibətlə İslamabad şəhərində yerləşən Pakistanın Sundas Talassemiya Mərkəzini ziyarət edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə mərkəzin tibb heyəti, həmçinin pasientlər və onların ailə üzvləri ilə görüşüb. Mərkəzin baş administratoru, ehtiyatda olan hərbi hava qüvvələri vitse-marşalı Aftab Hüseyn mərkəz haqqında və orada müalicə alan pasientlər haqqında məlumat verib. Baş administrator 20 ildən çoxdur ki fəaliyyət göstərən Sundas Talassemiya Mərkəzində hazırda Pakistanın müxtəlif bölgələrindən olan, talassemiyadan əziyyət çəkən 350-dən çox və hemofiliyadan əziyyət çəkən 60-dan çox uşağın pulsuz müalicəsinin aparıldığını, həmçinin qan köçürmələri həyata keçirildiyini bildirib. Bu sahədə Pakistanda ilkə imza atan və Pakistan Prezidentinin və Birinci xanımının da ziyarət etdiyi Mərkəzin eyni zamanda xəstələrin ailələrinə də mümkün qədər maddi və logistik dəstək göstərdiyini diqqətə çatdırıb,  səfiri mərkəzin qan köçürmə palatası, laboratoriyaları, qan bankı və əczaxanası ilə tanış edib.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Heydər Əliyev Fondu adından mərkəzin tibbi heyəti və pasientlərini, onların ailə üzvlərini salamlayaraq, Ramazan ayının gəlişi münasibətilə onları təbrik edib, xoş arzularını çatdırıb. O, Heydər Əliyev Fondunun talassemiya xəstələri üçün ölkəmizdə və xaricdə ciddi işlər gördüyünü, Talassemiya Mərkəzinə təqdim ediləcək tibbi ləvazimatların, ərzaq paketləri və hədiyyələrin də məhz Fondun dəstəyi ilə təmin edildiyini bildirib.

Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin Fondun Prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Kəşmirin Müzəffərabad şəhərində qızlar üçün yeni məktəbin inşası ilə başladığını bildirən səfir, Fondun sosial və humanitar layihələrinin Pakistanın bütün əyalətlərində davamlı həyata keçirildiyini bildirib. Fondun İslamabadda yerləşən Talassemiya Mərkəzinin təsis edilməsi, təcili yardım avtomobillərinin, minlərlə qan kisələrinin Pakistanın müxtəlif xeyriyyə təşkilatlarına təqdim olunması ilə yanaşı hər il Ramazan ayında kimsəsiz və qüsurlu uşaqları da unutmadığını, onlar üçün iftar yeməkləri verdiyini, hədiyyələr təqdim etdiyini vurğulayıb. Ötən il Pakistan Prezidentinin və Birinci xanımının da Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə kimsəsiz və qüsurlu uşaqlar üçün verilmiş iftar yeməyinə qoşulduqlarına görə talessemiya mərkəzinin pasientlərinə təşəkkür edən səfir pandemiya ilə əlaqədar iftar yeməklərinin verilməsinin bu il təəsüf ki, mümkün olmadığını, lakin Fondun digər xeyriyyə aksiyalarının davam edəcəyini bildirib. Səfir Ə.Əlizadə Fondun Pakistanda həyata keçirdiyi  bütün sosial və humanitar layihələrin  Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət etdiyini bildirib. Sonda Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi maskalar, eləcə də Talassemiya Mərkəzinin pasientləri üçün hazırlanmış ərzaq paketləri və uşaq oyuncaqları təqdim edilib.

Mərkəzin baş administratoru, ehtiyatda olan hərbi hava qüvvələri vitse-marşalı Aftab Hüseyn Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələrin davamlı xarakter aldığını vurğulayıb, Talassemiya Mərkəzinə təqdim edilən qan kisələri, tibbi maskalar, həmçinin ərzaq paketləri və hədiyyələrə görə Fonda və onun rəhbərliyinə öz təşəkkürlərini çatdırıb.  

Arxiv üzrə axtarış