2020-07-17

Pakistan Senatında Pakistan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri və həmsədri (koordinatoru) Ermənistanın Azərbaycana qarşı son təxribat hücumunu qətiyyətlə pisləmişdir.

PAKİSTAN SENATI

SENATOR MUHƏMMƏD TALHA MAHMUD

Kabinet Katibliyi və

Təsisat Bölməsi üzrə

Senat Daimi Komitələrinin sədri                                         

 

İslamabad, 16 iyul 2020

         

Hörmətli  Millət Vəkilləri,

Milli Məclis, Azərbaycan Respublikası

Sizin sevimli və bizim qardaş ölkəmiz olan Azərbaycanın Tovuz rayonunda erməni silahlı qüvvələrinin tank və artilleriya atəşindən istifadə etməsi nəticəsində əsgərlərin və mülki şəxslərin həyatını itirdiyini öyrənmək, həqiqətən də, bizi dərindən kədərləndirir. Mən, bütün həmkarlarımla birlikdə, xidmət edərək öz vətəninin ərazi bütövlüyünü qoruyarkən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər zabitlərin həyatlarını itirməsi ilə bağlı cəsarətli Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu qəhraman əsgərlərin etdikləri fədakarlıqlar əbəs yerə getməyəcək və həmişə tarixin salnamələrində xatırlanacaqdır.

BMT-nin atəşkəs razılaşmasına zidd olaraq, əsgərlərə və mülki şəxslərə lazımsız ölümcül atəş açma aktı həddi aşmaqdır və ən qəti şəkildə pislənilir. Əksər ölkələrin Covid-19 pandemiyasının nəticələri ilə mübarizə apardığı bir dönəmdə, insan tələfatına səbəb olan sərhəddəki bu cür təxribatçı hücumlar, birlikdə yaşamaq üçün zəruri olan sülh və harmoniya mühitinin pozulmasına dəlalət edən hərəkətlərdir. Sərhədlərimizin toxunulmazlığını və suverenliyini tanımaq və hörmət etmək kimi müqəddəs prinsipləri qorumaq, ölkələrimizdə yaşayan insanların ləyaqətini mühafizə etmək və onların dinc və firavan yaşamaları üçün təhlükəsizliyi təmin etmək istiqamətində əlbir olaraq qətiyyətli səylər göstərmək hamımızın kollektiv öhdəliyidir.

Mən, qardaş Azərbaycan xalqına və onların hörmətli millət vəkillərinə möhkəm həmrəyliyimi və əməkdaşlığımı bildirirəm. Əlbəttə ki, bu ən vacib məsələni Pakistan Senatında, çıxış edərək və bununla da bütün maraqlı tərəflərin diqqətini cəlb edərək, qaldıracağam. Şübhəsiz ki, Ermənistan-Azərbaycan sərhədlərində artan gərginlik həddən artıq təhlükəli bir vəziyyətə gəlib çıxıb və bu, hərbi əməliyyatların dərhal dayandırılmasını və uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin qətiyyətlə həll olunmasını zəruri edir.

 

Dərin hörmət, ehtiram və dualarımla,

(Senator Muhəmməd Talha Mahmud)

Senatda Pakistan-Azərbaycan

Parlament Dostluq Qrupunun

həmsədr - koordinatoru

Arxiv üzrə axtarış