2020-09-21

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi və Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi tərəfindən birgə təşkil edilən, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 29-cu il dönümünə həsr olunmuş “Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramı uğurla başa çatıb.

Pakistanlı gənc tədqiqatçılar arasından seçilmiş 30 iştirakçı üçün 2 ay ərzində keçirilmiş təcrübə proqramında Azərbaycandan və Pakistandan olan elm adamları, diplomatlar, hərbçi və ekspertlər tərəfindən “Müstəqilliyinin bərpasından sonrakı Azərbaycan. Azərbaycan-Pakistan dostluğu və strateji tərəfdaşlığı”, “Beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu və xarici siyasəti. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “Azərbaycan iqtisadiyyatı. Nailiyyətlər və prioritetlər”, “Azərbaycanda təhsil və elm. Yeniliklər və məqsədlər”, “Azərbaycan Silahlı Qüvvələri. Pakistanla müdafiə və hərbi sahədə əməkdaşlıq”, “Azərbaycan – Pakistan xalqları arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin güclənməsində humanitar və mədəni əlaqələrin əhəmiyyəti”, “Azərbaycan tarixi. Pakistanla bağlılıqlar və ortaqlıqlar” mövzularında mühazirələr oxunub.

Proqram ərzində tədqiqatçılar aldıqları nəzəri biliklərə və apardıqları araşdırmalara əsasən Azərbaycanla bağlı müxtəlif məzmunlu bir sıra məqalələr hazırlayıb və həmin məqalələr Pakistanın kütləvi informasiya vasitələrində işıqlandırılıb. 

Təcrübə proqramı iştirakçılarda Azərbaycanla bağlı geniş maraq yaradıb və mühazirələr zamanı onların çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Bu proqram nəticəsində gənc tədqiqatçılar Azərbaycanın tarixi, mədəniyyəti, təhsil və elmi, xarici siyasəti, iqtisadiyyatı, müdafiə və hərbi potensialı, Pakistanla əlaqələri, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətinə dair ətraflı məlumatlara yiyələniblər.

Proqramın sonunda iştirakçılar onlara verilmiş tapşırıqlara uyğun olaraq mühazirə mövzuları ətrafında təqdimatlar keçirib və öz biliklərini nümayiş etdiriblər.

İştirakçılar istənilən zaman Azərbaycan həqiqətləri ilə bağlı məlumatları və ölkəmizin Dağlıq Qarbağ məsələsində haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa hazır olduqlarını bildiriblər. Təcrübə proqramı gənc tədqiqatçılarda Azərbaycanla bağlı yüksək təəssüratlar formalaşdırıb və onların gələcəkdə Azərbaycana səfər edərək ölkəmizlə əyani şəkildə tanış olmalarına maraq yaradıb.

Proqram iştirakçıları ilə 18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində görüşün keçirilməsi  və onlara sertifikatlar təqdim edilməsi nəzərdə tutulub.

 

Arxiv üzrə axtarış