2020-06-25
“Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı: Uğurlar və İmkanlar” mövzusunda beynəlxalq vebinar keçirilmişdir.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi və Pakistanın aparıcı beyin mərkəzlərindən olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin (SQ) yaradılmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı: Uğurlar və İmkanlar” mövzusunda beynəlxalq vebinar keçirilmişdir.

Vebinarda Pakistanın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua; CGSS-in prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Cəfri; Pakistanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Nadim Çoudri; CGSS-in icraçı direktoru Xalid Teymur Əkrəm, Azərbaycan və Pakistanın hərbçiləri, ekspertlər, eyni zamanda müxtəlif ölkələrin Pakistandakı hərbi attaşeləri iştirak etmişlər.

Vebinarda açılış nitqi ilə iştirakçıları salamlayan CGSS-in icraçı direktoru, ehtiyyatda olan polkovnik-leytenant Xalid Teymur Əkrəm Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırmış, iki ölkə arasındakı mövcud yaxın münasibətlərdən söz açmış və ikitərəfli hərbi əməkdaşlığın qısa tarixçəsinə toxunmuşdur.

Daha sonra çıxış edən CGSS-in prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Cəfri Pakistanla Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs etmiş, hər iki ölkənin Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birinə dəstək verdiklərini, eyni zamanda müdafiə sahəsində münasibətlərin möhkəm olduğunu vurğulamışdır. O, 2015-ci ildə Pakistan Prezidentinin ölkəmizə səfəri, 2019-cu ildə Azərbaycanın Müdafiə nazirinin Pakistana səfəri zamanı, həmçinin hərbi sahədə fəaliyyət göstərən işçi qrupunun iclaslarında müdafiə, hərbi-texniki əməkdaşlıq, zabitlərin kurslarda iştirakı və digər bu kimi məsələlərin daim müzakirə olunduğunu bildirmişdir.

Vebinarda çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışmışdır. O, Azərbaycanın Demokratik Respublikası dövründə olduğu kimi, müstəqilliyin bərpasından sonra da Azərbaycanın erməni təcavüzü və terroru ilə üzləşdiyini, nəticədə 1988-93-cü illərdə əzəli torpaqlarımızın erməni işğalına məruz qaldığını qeyd etmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin Ermənistan, eləcə də BMT TŞ-na daimi üzv olan ölkələr tərəfindən icra olunmadığını bildirən M.Novruzov Azərbaycan dövlətinin və xalqının Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlarının erməni terrorçuları tərəfindən mövcud işğalı faktı ilə heç vaxt barışmayacağını və Ali Baş Komandan – Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsi olaraq işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün çox yaxında olduğunu vurğulamışdır. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlara sahib Azərbaycan ordusunun 138 dünya ölkələrinin silahlı qüvvələrinin qlobal reytinqi siyahısında 64-cü yerdə olduğunu, Azərbaycan ordusunun 2016-cı ilin aprel qələbəsi və 2018-ci ildə keçirilmiş uğurlu Naxçıvan əməliyyatı, eləcə də Azərbaycan ordusunun beynəlxalq hərbi əməkdaşlığı, o cümlədən Pakistanla hərbi əməkdaşlığı haqqında məlumat verərək iki ölkə arasında hərbi münasibətlərin dinamik inkişaf etdiyini qeyd etmişdir.

Daha sonra çıxış edən Pakistanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Nadim Çoudri də Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü və Cəmmu və Kəşmir üzrə Təmas Qruplarının üzvü olduğunu qeyd etmiş, ikitərəfli hərbi əməkdaşlığın əsasının 1994-cü ildə Pakistanın ölkəmizdə Səfirlyinin fəaliyyətə başlaması ilə qoyulduğunu diqqətə çatdırmışdır. O, ölkə prezidentlərinin qarşlıqlı həyata keçirdikləri rəsmi səfərləri xatırladaraq, 2015-ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ilə təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu söyləmişdir. N.Çoudri son üç ildə tək hərbi sahədə Pakistandan Azərbaycana 52, ölkəmizdən Pakistana isə 42 səfərin gerçəkləşdiyini bildirmiş, qarşılıqlı olaraq hərbçilərin Pakistanda və Azərbaycanda müxtəlif kurslarda iştirak etdiyini vurğulamışdır.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin adından iştirakçıları salamlayan səfir Əli Əlizadə çıxış edərək, Azərbaycan və Pakistanın möhkəm təməllər üzərində qurulan və iki qardaş xalqın iradəsini əks etdirən möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malik olduqlarını bildirmiş, bu münasibətlərin ən əhəmiyyətli sahələrindən birinin müdafiə, təhlükəsizlik və hərbi sahələrdə mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq olduğunu vurğulamış və hər iki ölkənin rəhbərliyinin səyləri və müsbət yanaşmaları nəticəsində qeyd olunan sahələrdə də mütəmadi yüksəlişin müşahidə olunduğunu qeyd etmişdir. Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə başda ölkəmizin Ali Baş Komandanı olmaqla, Azərbaycan xalqına və SQ-nin şəxsi heyətinə təbriklərini çatdıran səfir Ə.Əlizadə, müstəqilliyimizin ilk illərində ölkə ərazilərimizin 20%-nin təcavüzkar Ermənistan tərəfindən işğal olunmasına və Azərbaycanın təcavüzkar Ermənistanla münaqişəsinin davam etməsinə baxmayaraq, Ali Baş Komandanının rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan Respublikasının ordu quruculuğu sahəsində böyük işlər gördüyünü və Azərbaycan Ordusunun regionun ən güclü ordularından birinə çevrilərək, işğal olunmuş ərazilərimizi istənilən vaxt azad etmək iqtidarında olduğunu vurğulamışdır. Səfir həmçinin, Pakistan SQ-nin və ölkə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyin və işğalçı erməni qüvvələrinin qınanmasının, eləcə də Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının tələb etməsinin Azərbaycan Hökuməti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini söyləmiş, daim inkişaf edən əməkdaşlığa və strateji tərəfdaşlığa görə Pakistan SQ-yə və ölkə rəhbərliyinə təşəkkür etmişdir.

Vebinarın fəxri qonağı qismində çıxış edən Pakistanın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua bu gün Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünün Pakistanda qeyd olunmasının onun üçün çox əhəmiyyətli olduğunu vurğulamış, Azərbaycan ordusunun ölkənin inkişafı və çiçəklənməsi, xüsusən də ölkəmizin müdafiəsi sahəsində göstərdiyi səylərin heyrətamiz olduğunu söyləmiş, vebinarda fəxri qonaq qismində iştirak etməkdən böyük qürur duyduğunu diqqətə çatdırmışdır. O, Azərbaycanın rəhbərliyinə və xalqına böyük hörmət bəslədiklərini, Pakistanın Azərbaycanın müstəqilliyini tanıdıqdan dərhal sonra bu ölkəyə öz dəstəyini göstərdiyini, indiyə qədər Ermənistanı müstəqil dövlət kimi tanımadığını bildirmişdir. N.X.Cancua 2012-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə komitəsinin Xocalı soyqırımını tanıyan və Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini də xatırlatmış, Pakistanın ölkəmizə müxtəlif müdafiə sənayesi məhsulları təklif etdiyini nəzərə çatdırmış, gələcəkdə də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə etmişdir. Çıxışının sonunda Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyini və şəxsi heyətini təbrik edən ehtiyatda olan general, ordumuza tezliklə işğal olunmuş ərazilərimizin düşməndən azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunmasını arzulamışdır.     

Vebinarda Azərbaycan SQ-yə aid hazırlanmış qısa video-material da nümayiş etdirilmiş, həmçinin iştirakçıların mövzu ilə bağlı fikir və təəssüratları da dinlənilmiş və sualları cavablandırılmışdır.

növbəti xəbər əvvəlki xəbər