2020-07-14
Regiondakı gərginliyin kəskinləşməsinə xidmət edən Azərbaycana qarşı təxribatçı hərəkətlərə görə Ermənistan tam məsuliyyət daşıyır.

12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan ilə Ermənistan arasındakı dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçmişdir. Düşmən qüvvələrinin hücumunun qarşısı alınmış, döyüşlər nəticəsində Azərbaycan ordusunun dörd hərbçisi şəhid olmuş, daha 5 nəfər isə yaralanmışdır. Bu erməni təxribatı və Azərbaycanın hərbi mövqelərinin, habelə Azərbaycan-Ermənistan sərhəddində yerləşən mülki yaşayış məntəqələrinin iri çaplı artilleriya və minaatanlardan atəşə tutulması bu günə qədər davam edir.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən son gərginliyin hərbi təhlili göstərir ki, təxribata Ermənistan tərəfindən başlanılıb. Ermənistan bu təxribata məqsədyönlü şəkildə hazırlaşırdı. Erməni tərəfi gözlənilmədən artilleriyadan istifadə etməyə başlamış və nəticədə, Azərbaycan hərbçiləri öldürülmüşdür. Erməni tərəfindəki itkilər sonradan – Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş vermişdir.

Ermənistan iddia edirdi ki, guya Azərbaycan UAZ hərbi maşını ilə erməni mövqelərinə hücum edib, hansı ki çox gülünc və cəfəng səslənirdi. Əgər Azərbaycan Ermənistana hücum etmək istəsəydi, yüngül UAZ hərbi texnikasından deyil, ordusunun sərəncamında olan hücum əməliyyatları üçün yararlı zirehli döyüş maşınları və digər dağıdıcı ağır hərbi texnikadan istifadə edərdi.

Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədəki çətin sosial-iqtisadi, eyni zamanda COVID-19 ilə bağlı yaranmış acınacaqlı vəziyyətdən yayındırmaq deyildi. Məqsəd həmçinin, özünün dövlət sərhədində gərginlik yaratmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT – təşkilat keçmiş Sovet İttifaqının altı ölkəsini özündə birləşdirir və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir səlahiyyətə malik deyil) da münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və bu təşkilatın arxasında daldalanmağa çalışır.

KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar Daimi Şura görüşü ləğv olundu. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşür.

Ermənistan silahlı qüvvələrinin bu təxribatçı hərəkətini təcavüzkar dövlətin rəhbərliyinin bölgədəki gərginliyin artmasına xidmət edən son fəaliyyəti və bəyanatlarının davamı kimi görmək lazımdır. Son vaxtlarda Ermənistan özünün hərbi imkanlarını gücləndirməyə çalışır və hərbi texnikasını qoşunların təmas xəttinə yaxın ərazilərdə cəmləşdirirdi ki, bu da Azərbaycanın hərbi mövqelərinə hücumun planlaşdırıldığını sübut edir. Bundan başqa, Ermənistan silahlı qüvvələri yaxınlıqdakı yaşayış məntəqələrini də atəşə tutmağa başlamışdır ki, bu da öz növbəsində orada yaşayan mülki əhalinin həyatını təhlükə altında qoyur.

Ermənistan bu təxribatçı hücuma məqsədyönlü şəkildə hazırlaşırdı və bu, 2016-cı ilin aprelində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində uğurlu əks-hücum əməliyyatı nəticəsində 2000 hektardan çox Azərbaycan torpaqlarının, o cümlədən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi və Talış dağındakı yeni mövqelərin, həmçinin 2018-ci ildə Azərbaycan Ordusu tərəfindən Cünnut kəndinin də daxil olduğu Naxçıvan bölgəsinin 11 min hektar ərazisinin erməni işğalından azad edilməsinin qisasını almağa yönəlmişdir.  

Bu yaxınlarda qəbul edilmiş milli təhlükəsizlik strategiyasında özünün təcavüzkar siyasətini bir daha əks etdirən Ermənistan, münaqişənin nəticələrini aradan qaldırmaq və işğalçı qüvvələrini beynəlxalq səviyyədə tanınan ərazilərdən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək və bölgədəki gərginliyi artırmaq məqsədini açıq şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı "Bir tərəfdən Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətə müraciət edir və qoşunların təmas xəttində atəşkəs rejiminin gücləndirilməsi üçün kömək istəyir, digər tərəfdən isə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə hücum etməyə, mövqelərimizi ələ keçirməyə, mülki əhalini, kəndlərimizi təhlükəyə düçar etməyə can atır”, deyə vurğulamışdır.

Ermənistanın bu təxribatı ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) vasitəçilik etdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların mahiyyətini və BMT Təhlükəsizlik Şurasının – Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən – müvafiq qətnamələrinin icrasını ciddi şübhə altına qoyur.

növbəti xəbər əvvəlki xəbər