İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Azərbaycan - Pakistan münasibətləri
Qısa tarixi məlumat:
Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Hazırda, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadədir.
Yüksək səviyyəli qarşılıqlı səfərlər va görüşlər:
Dövlət başçıları:
1995-ci il 9-11 oktyabr - Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər etmişdir.
1996-ci il 9-11 aprel - Prezident Heydər Əliyev Pakistana rəsmi səfər etmişdir.
2004-cü il 8-10 iyul - Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana rəsmi səfər etmişdir.
2005-ci il 12-13 aprel - Prezident İlham Əliyev Pakistana rəsmi səfər etmişdir.
2012-ci il 13-16 oktyabr - Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı).
2015-ci il 11-14 mart - Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər etmişdir.
2017-ci il 28 fevral-1 mart – Prezident İlham Əliyev Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı).
2019-cu il 25-26 oktyabr – Prezident Arif Alvi Azərbaycana işgüzar səfər etmişdir (Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı).
Hökumət başçıları:
2006-ci il 5-7 may - Pakistan İslam Respublikasının Baş Naziri Şövkət Əziz Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).
13-15 oktyabr 2016 - Pakistan İslam Respublikasının Baş Naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfər etmişdir.
Xarici İşlər Nazirləri:
1994-cü il 24 yanvar - Pakistan İslam Respublikasının xarici işlər naziri Sərdar Asif Əhməd Azərbaycana rəsmi səfər etmişdir.
1995-ci il 14-15 mart - Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov Pakistana rəsmi səfər etmişdir (İslam Konfransı Təşkilatının 3-cü Zirvə Toplantısı).
1999-cu il 8-21may - Pakistan İslam Respublikasının xarici işlər üzrə dövlət naziri Məhəmməd Siddiq Xan Kanju Azərbaycan işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 9-cu iclası).
2006-ci il 3 may - Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı).
2006-ci il 19-21 iyun - Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici işlər Nazirlərinin 33-cü Sessiyası).
2007-ci il 15-17 may – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri şurasının 34-cü konfransı).
2010-cu il 15 iyun - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir.
2012-ci il 13-16 oktyabr - Pakistan İslam Respublikasının xarici işlər naziri Hina Rabbani Xar Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı).
2017-ci il 28 fevral-1 mart - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının 13-cü Zirvə Toplantısı).
2017-ci il 30 noyabr-1 dekabr - Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif Azərbaycana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşü və “Asiyanın ürəyi-İstanbul Prosesi”nin 7-ci Nazirlər Toplantısı)
2021-ci il 13-14 yanvar - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin ikinci görüşü).
2021-ci il 18-19 dekabr - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədən kənar iclası).
Parlamentlararasi əlaqələr:
2008-ci il 18-20 iyun - Pakistan Senatının sədri M.Sumro Azərbaycana səfər etmişdir (Azərbaycan Parlamentinin 90 illiyi munasibətilə keçirilmiş tədbir).
2013-cü il 11-12 fevral - Milli Məclisin sədri Oqtay Əsədov Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 1-ci iclası).
2018-ci il 19-21 sentyabr - Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncrani Azərbaycana səfər etmişdir (Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş tədbir).
2021-ci il 31 may-04 iyun - Milli Məclisin sədri Sahibə Qafarova Pakistana rəsmi və işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 2-ci iclası).
2021-ci il 27-31 iyul - Pakistan Milli Assambleyasının spikeri Əsəd Qeysər Azərbaycana rəsmi səfər etmişdir (Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli iclası).
2022-ci il 16-19 may - Pakistan Milli Assambleyasının spikeri Raca Pərvez Əşrəf Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 3-cü iclası).
2022-ci il 30 iyun-01 iyul - Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncrani Azərbaycana səfər etmişdir (Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı).
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işci qrupunun rəhbəri Qənirə Paşayevadır.
Pakistan Senatında Pakistan-Azərbaycan dostluq qrupunun rəhbəri senator Prins Əhməd Ömər Əhmədzaidir.
İqtisadi sahədə əməkdaşlıq:
9 Oktyabr 1995-ci ildə Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol” imzalanmış, 2000-ci ildə Bakıda Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir.
26-27 aprel 2016-cı ildə İslamabadda Azərbaycan-Pakistan Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilmişdir. Azərbaycan tərəfdən müdafiə sənayesi, rabitə və yüksək texnologiya, xarici işlər, iqtisadiyyat, mədəniyyət və turizm, təhsil, kənd təsərrüfatı, təhsil nazirliklərinin, habelə Dövlət Neft Şirkəti və Mərkəzi Bankın nümayəndələrinin, Pakistan tərəfdən isə, tərəfdən neft və təbii ehtiyatlar, xarici işlər, maliyyə, elm və texnologiya, müdafiə istehsalı, ticarət, mədəniyyət nazirliklərinin, Nazirlər Kabinetinin sahələr üzrə məsul şəxslərinin iştirak etdiyi birgə komissiyanın iclasında, qeyd olunan sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilmiş, yekunda iclasın protokolu imzalanmışdır.
8-11 fevral 2017-ci ildə Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayevin rəhbərlik etdiyi 16 şirkətin nümayəndələrindən və Fondun əməkdaşlarından ibarət Azərbaycan ixrac missiyası Pakistanda işgüzar səfərdə olmuşdur.
28 iyul 2017-ci ildə Bakıda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilmişdir. AR iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Pakistanın ticarət katibi Məhəmməd Yunus Dağanın həmsədrlik etdiyi iclasda hər iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, həmçinin qarşılıqlı şəkildə ixracın artırılması məsələləri müzakirə olunmuş, “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır.
7-8 dekabr 2017-ci ildə kənd təsərrüfatı sahəsində Azərbaycan-Pakistan Birgə İşçi Qrupunun 1-ci iclası keçirilmişdir. AR Kənd təsərrüfatı naziri Heydər Əsədov və Pakistan İR Milli ərzaq təhlükəsizliyi və tədqiqatı naziri Sikandar Həyat Xan Bosanın iştırakı ilə keçirilən iclasda İclasda kənd təsərrüfatı üzrə tədqiqat və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq, kənd təsərrüfatı məhsulları üzrə ikitərəfli ticarətin təşviqi və asanlaşdırılması, mal-qara rüşeymi, embrionu və camış toxumu mübadiləsi, xüsusi təhlükəli heyvan xəstəliklərinin laboratoriya diaqnostikası və heyvandarlıq məhsullarında risklərin idarə olunması üzrə təcrübə mübadiləsi, Pakistandan Azərbaycana yüksək məhsuldar cins camışların idxalı məsələsinin araşdırılması, fitosanitar risklərin idarə olunması üzrə təcrübə mübadiləsi, mütərəqqi suvarma üsullarının və texnologiyalarının tətbiqi ilə əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi, aqrar elmi-tədqiqat, aqrar universitetlər arasında əlaqələrin qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmiş, yekunda Birgə işçi Qrupunun 1-ci protokolu imzalanmışdır.
4 iyul 2018-ci ildə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Pakistan Biznes konfransı keçirilmişdir. Tədbirdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, əczaçılıq, tikinti, sığorta, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak etmişdir. Konfrans çərçivəsində AZPROMO və Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatası (RCCI) arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanmışdır.
11 oktyabr 2018-ci ildə İslamabadda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclası keçirilmişdir. AR İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Pakistanın ticarət katibi Məhəmməd Yunus Dağanın rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli ticarətin ayrı-ayrı aspektləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır. İclasın sonunda Birgə İşçi Qrupunun protokolu imzalanmışdır.
1-2 dekabr 2021-ci ildə Bakıda Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası keçirilmişdir.
2017-ci ilin yanvar ayından Pakistan sadələşdirilmiş viza prosedurlarının - online viza sisteminin şamil olunduğu ölkələrin siyahısına daxil edilmiş, Azərbaycana səfər edən pakistanlıların sayında artım müşahidə olunmuşdur.
Humanitar sahədə əməkdaşlıq:
Mədəni va humanitar tədbirlər:
2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilmiş va 2012-ci ildə məktəb əsaslı təmir edilmişdir.
2010-cu ildə Pakistanda baş vermiş, sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar etmişdir.
02 fevral 2012-ci ildə Pakistan İslam Respublikasının Senatı tərəfindən Xocalı soyqırımınınını tanıyan qətnamə qəbul olunmuşdur.
2013-ci olin oktyabr ayında Pakistan İslam Respublikasının Senatı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan və erməni işğalını pisləyən qətnamə qəbul olunmuşdur.
2012-2018-ci illərdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə va kiçik laboratoriya ilə təchiz olunmuş, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim olunmuş, Xayber Göz Fondunun yeni blokunun va gozləmə otaqlarının tikintisi üçün maddi yardımlar edilmiş, Dera İsmayıl Xan bolgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılmış, Peşəvar Serebral İflic və Peşəvar Ana va Uşaq xəstəxanasında pulsuz müayinə təşkil edilmiş, Külsum İnternational klinikasında ürək ustündə açıq əməliyyatlar aparılmış, Xayber Paxtunxva əyalətində on minlərlə insan hepatit B virusuna qarşı peyvəndləşdirilmiş, həmçinin Rara Qızlar məktəbi və Pakistanın 12 Universitetlərində təhsil alan tələbələrə umumilikdə 41 stipendiya verilməsi həyata keçirilmişdir. Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidlər Bulağı”-nın açılışı həyata keçirilmiş, Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının Talasemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2018-ci illər ərzində Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda və müxtəlif əyalətlərdə kimsəsizlər üçün iftar süfrələri, həmçinin humanitar tədbirlər keçirilmiş, kimsəsiz uşaqlara və yaşlılara hədiyyələr təqdim edilmiş, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanmışdır.
20 oktyabr 2015-ci ildə Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə tədbir keçirilmiş, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar AİDA adından Əl-Farabi mərkəzinə təqdim edilmişdir.
24 fevral 2016-cı ildə İslamabadda yerləşən Milli Müdafiə Universitetində Xocalı Soyqırımının 24-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə AR Milli Məclisinin deputatı Qənirə Paşayeva və professor Həvva Məmmədovanın müəllifi olduğu və urdu dilinə tərcümə edilmiş “Xocalı Soyqırımı: şahidlərin dilindən” kitabının təqdimatı həyata keçirilmişdir.
2 fevral 2017-ci ildə Pakistan İR Milli Assambleyasının Xarici İşlər Komitəsinin 32-ci iclasında Xocalı Soyqırımı ilə bağlı müvafiq qətnamə yekdilliklə qəbul edilmişdir. Komitə Ermənistan tərəfindən Xocalıda mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyərək, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq etmişdir.
16-17 mart 2017-ci ildə Pakistanın sabiq Baş naziri Şövkət Əziz “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumunda iştirak etmişdir.
5-6 may 2017-ci ildə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədr müavini Murtaza Caved Abbasinin başçılıq etdiyi nümayəndə heyəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycana səfər etmişdir.
7-8 noyabr 2017-ci ildə AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Bəsirə Əzizəliyeva İslamabadda keçirilmiş “Əllamə İqbal Konfransı”nda iştirak etmişdir.
21 dekabr 2017-ci ildə “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə Pakistan İslam Respublikası Senatının sədr müavini Molana Abdul Qafur Heydəri Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşmüşdür.
9-11 mart 2018-ci ildə Azərbaycandan 3 sənətçi - Azərbaycanın əməkdar artisi Mübariz Əsgərov, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazım, Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanova Pəncab əyalətinin mərkəzi Lahor şəhərində və paytaxt İslamabadda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mədəni və Musiqi axşamı” adlı tədbirdə çıxış etmişdir.
15-17 mart 2018-ci ildə Pakistanın sabiq Baş naziri Şövkət Əziz VI Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfər etmişdir.
2-4 may 2018-ci ildə Lahor Milli İdarəetmə Kollecində Milli İdarəetmə Kursu keçən yüksək bürokratlar qrupu idarəetmə modeli, icra mexanizmi, sosial-iqtisadi inkişafda planlaşdırma prosesi və Azərbaycanın inkişafında dövlət və özəl sektorun rolunu öyrənmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində bir çox dövlət qurumlarında görüşlər, o cümlədən AR XİN-də Pakistan nümayəndə heyəti üçün brifinq keçirilmişdir.
14 may 2018-ci ildə Azərbaycanlı incəsənət xadimləri - əməkdar artistlər Sahib Paşazadə, İlham Nəzərov, Nigar Şahmuradova, Qaya Dövlət Ansamblının solisti Şölə Səfərəliyeva, Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanova İslamabadda keçirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda çıxış etmişlər.
21 iyun 2018-ci ildə İslamabad şəhərində Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda Azərbaycandan dəvət olunmuş sənətçilər – Pərviz Abdullayev, Mehparə Cəfərova və sintezator ifaçısı Ruslan Cabbarov çıxış etmişlər.
2-4 oktyabr 2018-ci ildə Kəraçi şəhərində keçirilmiş “Pakistan Travel Mart” sərgisində Azərbaycan Turizm Assosiasiyası (AZTA), 18 turizm şirkəti və otel nümayəndələrindən ibarət 30 nəfərlik heyət iştirak etmişdir.
25-26 oktyabr 2018-ci ildə “The Caspian Times” informasiya media qrupunun redaksiya heyətinin üzvü Muhammad Said, Siyasət Tədqiqatları Şurasının direktoru Çodri Zəfər, siyasi analitik və şərhçi Malik Sumbal, Pakistan Senatının Sədrinin müşaviri senator Şahzad Vasim, Pakistan Xalq Partiyasının Baş katibi Faisal Kundi VI Beynəlxalq Humanitar Forumda iştirak etmişlər.
20-22 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti (SAM-ın Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev, şöbənin elmi işçisi Fuad Çıraqov və Mərkəzin İqtisadiyyatın təhlili şöbəsinin aparıcı elmi işçisi Mahir Hümbətov) İslamabadda SAM-la İslamabad Siyasət Araşdırmaları İnstitutunun birgə təşkil etdiyi seminarda çıxış etmişlər. Onlar, həmçinin Pakistan Xarici işlər Nazirliyinin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində, Pakistan Milli Müdafiə Universitetinin Strateji Araşdırmalar, Tədqiqat və Təhlil İnstitutunda və eləcə də Qlobal və Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirmişlər.
Müqavilə-hüquq bazası:
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikasi arasında 34 sənəd imzalanmş, 17 sənəd isə baxılmaqdadır.