Səfirin müraciəti

Sizi Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin internet səhifəsində salamlamaqdan böyük məmnunluq duyuram.

Səfirlik 24 avqust 1997-ci ildə İslamabadda təsis edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan və Pakistan arasında dərin tarixi köklərə dayanan dostluq və qardaşlıq münasibətlərinin güclü təməllər üzərində qurulmasına hər zaman xüsusi diqqət ayırmışdı.

Ulu öndərin Pakistanla münasibətlərin inkişafı istiqamətində uğurlu xarici siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək hədəflər müəyyən edilmiş və qardaş ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən humanitar layihələr iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xüsusi töhfə verir.

Hər iki ölkə bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bütün məsələlərdə daima dəstəkləyir. Pakistan Ermənistanı Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə dövlət kimi tanımır.

Pakistan istər keçmiş Qarabağ münaqişəsi, istərsə də 2020-ci ildə Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsi ilə nəticələnən Vətən Müharibəsi dövründə Azərbaycana mənəvi və siyasi dəstəyini güclü şəkildə nümayiş etdirmiş və bu istiqamətdə Xocalı Soyqrımının tanınması da daxil olmaqla bir çox qətnamə və bəyanatlar qəbul etmişdir.

Əminəm ki, Azərbaycan-Pakistan Birgə Komissiyası tərkibində yaradılmış ticarət, kənd təsərrüfatı, bank işi, enerji, turizm, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, gənclər və səhiyyə sahələri üzrə işçi qrupları əlaqələrimizin bütün sahələr üzrə yüksələn xətlə inkişafını təmin edəcəkdir.

Böyük məmnunluqla vurğulamaq istərdim ki, 2022-ci ildə Pakistanın Karaçi, Lahor, İslamabad şəhərlərindən Bakıya həyata keçirilməyə başlamış birbaşa uçuşlar öz növbəsində vətəndaşlarımız arasında daha sıx əlaqələr yaradaraq, xüsusilə iqtisadi-ticarət və turizm sahələrində əməkdaşlığımızı daha da inkişaf etdirəcəkdir.

Səfirliyimizin internet səhifəsindən Azərbaycan Respublikasının zəngin tarixi və mədəniyyəti, siyasəti, iqtisadi və turizm potensialı, Azərbaycan – Pakistan əlaqələri, eləcə də Səfirliyimizin fəaliyyəti ilə bağlı geniş məlumatlar əldə edə, hər hansı bir sualınız olduğu təqdirdə səfirliyin veb səhifəsində qeyd olunan şəhər və mobil nömrələr, eləcə də elektron poçt ünvanı vasitəsilə bizimlə asanlıqla əlaqə saxlaya bilərsiniz.

İnternet səhifəmizi ziyarət etdiyiniz üçün təşəkkür edirəm.

 

            Hörmətlə,

 

          Xəzər Fərhadov

  

   Azərbaycan Respublikasının

Pakistan İslam Respublikasındakı

  fövqəladə və səlahiyyətli səfiri

Arxiv üzrə axtarış