Ümumi məlumatlar

Ümumi məlumatlar

 

Qayıdış şəhadətnaməsi - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 10-cu maddəsinə əsasən və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq:

  • xarici ölkədə pasportunu itirmiş;
  • pasportu oğurlanmış və ya yararsız hala düşmüş;
  • pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə” ilə tənzimlənir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqları tərəfindən rəsmiləşdirilir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin Şəhadətnamə ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu ölkədə Azərbaycan Respublikasının mənafeyini ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:

  • Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi  (AAseriyalı) (əlavə №1);
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı) (əlavə №2).

Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər:

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən  qanunvericilikdə göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

Qayıdış şəhadətnamələrinin verilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə verilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında qayıdan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs Qayıdış şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs özü,  habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona Şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. Şəhadətnamənin verilməsinə imtina edildikdə şəxs bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verə bilər.

Əsasnamənin tələblərinə zidd olaraq Şəhadətnamənin verilməsindən əsassız imtina edilməsində, Şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsində və ya onun verilməsində süründürməçiliyə yol verilməsində təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə - beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Xarici ölkələrə səfər edən vətəndaşların nəzərinə! 

Xarici ölkədə pasport oğurlandığı və ya itirildiyi təqdirdə səfirlik və konsulluqlarımız tərəfindən vətəndaşın şəxsiyyətini və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsində operativliyin təmin edilməsi məqsədilə xarici ölkəyə səfər etməzdən öncə pasportun və şəxsiyyət vəsiqəsinin surətinin çıxarılması tövsiyə olunur.

Xarici ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) səfirlik və ya konsulluğunda konsulluq uçotuna düşməsi tövsiyə olunur.

Arxiv üzrə axtarış