Pakistan prezidenti Ramazan ayından sonra Azərbaycana səfər edəcək
SƏFİR DAŞQIN ŞİKAROV: “İKT-də AZƏRBAYCANIN DOSTLARI ÇOXDUR,SİYAHININ BAŞINDA İSƏ TÜRKİYƏ, PAKİSTAN, ƏFQANISTAN GƏLİR”
Müsahibimiz Azərbaycanın Pakistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovdur.
–Daşqın müəllim, Azərbaycan-Pakistan münasibətlərinin bugünkü səviyyəsini necə dəyərləndirirsiniz?
–Pakistan İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ikinci dövlət olub və həmin gündən etibarən ölkələrimiz siyasi, iqtisadi, hərbi, mədəni və strateji sahələrdə yaxın əməkdaşlıq münasibətlərin qurulmasına müvəffəq olub və burda dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Rəsmi İslamabad, Dağlıq Qarabağ problemi daxil olmaqla, Azərbaycanı bütün mühüm məsələlərdə beynəlxalq arenada dəstəkləyir və Yerevanın işğalçı mövqeyinə görə Ermənistanla nəinki diplomatik münasibətlərini qurmayıb, hətta onu bir dövlət kimi tanımayıb. Qeyd etməliyəm ki, bizim münasibətlər qədim tarixə arxalanır və bu dövrdə xalqlarımız arasında heç bir problem olmayıb. Hal-hazırda Azərbaycanda Pakistan icması mövcuddur və onların bir qismi bizneslə məşğul olur, qalanları isə Azərbaycan ali təhsil müəssisələrində-Dövlət Neft Akademiyasında, Texniki, İnşaat Memarlıq, Dillər, Tibb universitetlərində təhsil alırlar və eyniliklə də Azərbaycan mühəndisləri Pakistanın Kəraçı şəhərinin istehsal müəssisələrində, Bəlucustanın qaz istehsalı sahəsində, müəllimləri Lahorda məskunlaşaraq oranın iqtisadiyyatına və elmin inkişafına öz tövhələrini verirlər.
– Bəs iqtisadi münasibətlərin səviyyəsi barədə nə deyə bilərsiniz?
– Qeyd etdiyim kimi, bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, lakin iqtisadi sahədə mövcud potensialımız tam şəkildə istifadə olunmayıb. Bunun əsas səbəblərindən biri ölkələrimiz arasında birbaşa hava əlaqəsinin olmaması, quru yolla yük daşımalarının üçüncü tranzit ölkə vasitəsi ilə olması və nəticədə Pakistan mallarının, Azərbaycanla həmsərhəd, yaxud birbaşa hava əlaqəsi olan ölkələrlə, rəqabətə girə bilməməsidir. Bütün bunlara baxmayaraq, güman edirəm ki, ölkələrimiz arasında xoş məramın olması, Pakistanın MDB ölkələri arasında ən sıx əlaqələrini Azərbaycanla qurması və Türkiyə ilə bərabər bizi özünə dünyada ən yaxın dost ölkə hesab etməsi mütləq iqtisadi münasibətlərin inkişafına təkan verəcək.
–İki ölkənin humanitar sahədə əməkdaşlığı hansı səviyyədədir?
–Ölkələrimiz arasında münasibətlər əməkdaşlıq çərçivəsindən çıxaraq əsl dostluq və qardaşlıq münasibətlərinə çevrilib. Belə ki, 2005-ci ildə baş vermiş zəlzələdən sonra Bakı İslamabada yardım edən ilk ölkələrdən biri olaraq, Pakistana maliyyə və digər yardımlar göstərib, ora xilasedicilər və həkim heyəti yollayıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nin xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Kəşmirdə qızlar məktəbi inşa olundu. İlk dəfə xarici dövlət tərəfindən Pakistanda məktəb tikilməsi ölkə rəsmiləri, adi insanlar tərəfindən çox yüksək qiymətləndirildi və sonralar fəlakət zonasında bir neçə məktəb tikmiş Türkiyə üçün örnək oldu. Xoşməramlı səfir Mehriban xanımın bu addımı indi də pakistanlılar tərəfindən xatırlanır, çünki o vaxt münaqişə və zəlzələdən sonra dağıntılar içində olan Kəşmirdə sözün əsl mənasında müasir bir məktəbin tikilməsi, bu məktəbin məhz qızlar məktəbi olması, Pakistan ictimaiyyətinə çox təsir göstərmişdi. Biz, səfirlik olaraq, məktəbin fəaliyyətini diqqət mərkəzində saxlayırıq, tez-tez ora baş çəkir, hər yeni dərs ilinin başlanğıcında komüterlər, məktəb ləvazimatları hədiyyə edirik.
Pakistanda 2010-cu ildə daşqın fəlakəti zamanı da Azərbaycan MDB-də birinci, dünyada beşinci olaraq bu ölkəyə yardım etdi. Birinci mərhələdə prezident İlham Əliyevin sərəncamına əsasən iki milyon ABŞ dolları yardım olundu. Bunun ardınca selden zərər çəkmişlərə paylanması məqəsədilə Fövqəladə Hallar Nazirliyi 75 ton, Müdafiə Nazirliyi isə 78 ton humanitar yardim göndərdi. Daha sonra səfirlik təşəbbüs göstərərək, əməkdaşlarının 5 günlük əmək haqlarını yardım fonduna keçirdi. Bizim bu addımımız böyük ehtiramla qarşılandı, Pakistanda akkreditə olunmuş digər səfirliklər də bu təşəbüsə qoşuldular və bu yardım ilk günündə simvolik görünsə də kampaniyanın sonunda böyük rəqəmə çevrildi. Şübhəsiz ki, bununla yardımların ardı kəsilmədi, amma önəmlisi odur ki, Azərbaycan qardaş ölkəyə ilk əl uzadan dövlət oldu və etibarlı tərəfdaş olduğunu bir daha göstərdi. Eyni səmimiliyi və qardaşlıq hisslərini biz daim Pakistan tərəfindən hiss edirik. Cari ildə Pakistan Senatı və Milli Assambleyası öz nəzdində Azərbaycanla dostluq qrupları yaradıb və hər iki qrupa prezident, müvafiq olaraq, Senatın və Milli Assambleyanın sədrləri seçilib. Bu presidenti olmayan addım doğurdan da Azərbaycan –Pakistan dostluğunun təzahürüdür.
– Rəsmi İslamabadın Ermənistana qarşı məlum mövqeyi orda yaşayan ermənilərə necə təsir edir?
–Pakistanda demək olar ki, erməni yoxdur, olsaydı belə, bu, heç nəyi dəyişdirə bilməyəcək. Bizim Pakistanla münasibətlərimiz o qədər şəffaf və səmimidir ki, işğala son qoyulmamış Pakistan dövləti ermənilərə ölkəsində hansısa iş qurmasına şərait yarada biləcəyinə inanmağım gəlmir.
– İqtisadi münasibətlərin səviyyəsinin aşağı olduğunu vurğuladınız. Bu yalnız nəqliyyatla bağlıdır, yoxsa başqa səbəblər də var?
–Pakistanda çox keyfiyyətli və münasib qiymətli tekstil məhsulları, düyü, sitrus meyvələri, tərəvəzlər, kimya sənayesi məhsulları var ki, azərbaycanlı iş adamları onları bizim və digər ölkələrə idxal edirlər. Amma bu, yuxarıda sadaladığım səbəblərdən, kütləvi xarakter almayıb. Pakistanın əczaçılıq sənayesi də çox inkişaf edib və biz dərmanları əsasən idxal edən ölkə kimi bu sahədə əməkdaşlıqda maraqlıyıq.
– Birbaşa reysin açılması gündəmdədirmi və sizcə bu nə dərəcədə rentabelli ola bilər?
–Bir misal gətirim. Özbəkistanla Pakistan arasında birbaşa hava əlaqəsi həftədə bir reys olduğu halda, hazırda 4 reysə çatıb. Qırğızıstanla isə həftədə 2 dəfə təyyarə reysi həyata keçirilir ki, bu da uçuşların səmərəli olmasına dəlalət edir. Mərkəzi Asiya ölkələri ilə müqayisədə, Pakistanın Azərbaycanda daha çox marağı var. Qəbələ, Şəki, Şamaxı və başqa şəhərlərimizdə yaradılmış turizm infrastrukturu və yüksək səviyyəli servisi Pakistan turistlərini cəlb etməyə bilməz. Pakistan İslam dövlətidir və Azərbaycanda dini turizm imkanları da çox genişdir. Bu amillər, habelə iki ölkənin iş adamlarının artıq Azərbaycanda və Pakistanda iş qurmaları, çoxlu qarışıq ailələrin mövcudluğu, birbaşa uçuşların nə qədər mənfəətli olacağının göstəricisidir.
– Hərbi sahədə əməkdaşlıq necə inkişaf edir?
– Ölkələrimiz arasında hərbi münasibətlər çox yüksək səviyyədədir və onları siyasi münasibətlər səviyyəsi ilə müqayisə etmək olar. Bir çox hərbi sahədə müqavilələrimiz var və hər iki ölkə onların şərtlərini yerinə yetirir. Hərbiçilərimiz qarşılıqlı təlim kurslarında iştirak edirlər. Önümüzdəki aylarda Pakistanın Birləşmiş Qərargahlar Komitəsi sədrinin Azərbaycana səfəri gözlənilir və bu səfər çərçivəsində də müəyyən müqavilələrin imzalanması planlaşdırılır. Torpaqları işğal altında olan ölkə üçün bu münasibətlər böyük önəm kəsb edir və biz onları davam etmək əzmindəyik.
– ABŞ-Pakistan münasibətlərində bir müddət əvvəl yaranmış durğunluq sizcə Cənub-Şərqi Asiya regionunun təhlükəsizliyinə necə təsir göstərə bilər?
–Amerika rezidentinin Lahorda həbsi, Osama bin Ladenin Abbotabadda öldürülməsi, pilotsuz təyyarələrinin Vəziristanda əməliyyatları, ABŞ-ın Pakistana ayrılan 800 milyon dollarlıq yardımın dondurulması ölkələrarası münasibətlərə doğrudan da xələl gətirib. Lakin artıq bu keçmişdə qalıb. Pakistanın yeni təyin olunmuş xarici işlər naziri ABŞ dövlət katibi Klintonla görüşüb və münasibətlərin ölkələr üçün önəmli olduğunu bildirib. Bu ayın əvvəlində ABŞ xüsusi nümayəndəsi səfir Qrossman Pakistana səfər edib və Pakistan rəhbərliyi ilə görüşərək münasibətlərdə yaranmış narahatlığın aradan qaldırılmasının önəmli olduğunu bildirib və Əfqanıstanda sülhün bərqərar olmasında Pakistanın müstəsna rolunu vurğulayıb.
– Pakistanda terror təhlükəsi nə dərəcədədir?
–Pakistanda terror təhlükəsi daim mövcuddur. Çünki ABŞ Əfqanıstana qoşun yeritdikdən sonra bu ölkədə olan müəyyən qruplaşmalar, qeyri-qanuni silahlı birləşmələr tabeçilik göstərmədilər və ölkəni tərk edərək Pakistanın Tayfalar Ərazisinə cəmləşərək bir terror mənbəyi oldular. Terroristlərin əsas tələblərindən biri Pakistanın ABŞ-la münasibətlərə son qoyması, bazalarını çıxarmasıdır. Pakistan sivil və qüdrətli dövlət olaraq heç bir terrorçunun tələbini yerinə yetirmir və buna görə, habelə hökümətin həmin ərazidə böyük təsir imkanlarına malik olmadığından, terror Pakistan üçün bir nömrəli problem olaraq qalır. Pakistanın çox qüdrətli ordusu var və düşünürəm ki, terroristlərin fəaliyyətinə son qoyulacaq.
– Əfqanıstan da gərginliyin hökm sürdüyü dövlətlərdən biridir. Bu yaxınlarda Baqram vilayətində Azərbaycanın yük təyyarəsinin vurulması talibanla bağlandı. Bu ölkədə Azərbaycanın sülhyaratma missiyası var. Ümumiyyətlə, onlara təhlükə nə dərəcədədir?
– Həmin hadisədən dərhal sonra taliban təyyarənin onlar tərəfindən vurulmasını bəyan etdi və bir müddət sonra özləri də bunu təzkib etdi. Burda iki ehtimal var: təyyarə pilotsuz təyyarə ilə toqquşa və ya vurula bilər. Hazırda, bilirsiniz ki, qara qutu incələnir və yalnız sonra qəzanın səbəbi bəlli olacaq. Onu deyə bilərəm ki, pilotların təcrübəsiz olması, yaxud təyyarənin dağa çırpılması ilə bağlı əvvəlki ehtimallar öz təsdiqini tapmır. Qəzaya uğramış təyyarə iyun ayında texniki baxışdan keçib və tam yararlı vəziyyətdə idi, pilotlara gəlincə isə, onlar çox təcrübəli və peşəkar idilər.
Əfqanıstanda yerləşən sülhməramlılarımız türk komandanlığı altında fəaliyyət göstərirlər və biz onlarla mütəmadi əlaqədəyik. Hazırda hərbiçilərimiz Kabul aeroportunu və içməli su kanalını mühafizə edirlər ki, həmin ərazi NATO qoşunlarının nəzarətindədir və orda taliban hər hansı bir əməliyyat keçirə bilməz.
–Bəs Əfqanıstan-Azərbaycan münasibətləri hansı səviyyədədir?
– Əfqanıstanla yaxın əməkdaşlıq münasibətləri mövcuddur. Beynəlxalq qurumlarda Azərbaycan Əfqanıstana, Əfqanıstan da Azərbaycana dəstək verir. İslam Konfransı Təşkilatında Azərbaycanın dostları çoxdur və siyahının başında Türkiyə, Pakistan, Əfqanıstan gəlir. Əfqanıstanda sabitlik bərpa olandan sonra Əfqanıstan prezidentinin Azərbaycana səfəri təşkil olunacaq, iqtisadi-ticari sahədə əməkdaşlığımız genişlənəcək.
– Cənab səfir, Pakistanla münasibətlərdə hansı yeniliklər gözlənilir?
– Cari ilin dekabrında Pakistan – Azərbaycan birgə iqtisadi komissiyanın iclası keçiriləcək. Ramazan ayından sonra prezident A.Ə. Zərdarinin Azərbaycana səfəri nəzərdə tutulub. Səfər zamanı bir sıra sənədlər imzalanacaq ki, hal-hazırda onların üzərində iş gedir. Birbaşa hava əlaqəsinin yaradılması, məhkumların dəyişdirilməsi, yük daşımaları və yol nəqliyyatı haqqında sazişlərin və digər sənədlərin imzalanması planlaşdırılır. İslamabadda milli lider Heydər Əliyev adına parkın salınması və yeni məktəbin tikilməsi görüləcək işlərdəndir. Eyni zamanda, 300 il ərzində Azərbaycanın paytaxtı olmuş, sürətlə inkişaf edən və Bakıya yaxın olan Şamaxı ilə Pakistanın qədim və ən böyük meqapolislərindən biri olan Lahoru qardaşlaşmış şəhər etmək istəyirik.
Pərvanə SULTANOVA