Pakistan mətbuatı İlham Əliyevin Qarabağ münaqişəsinə dair çıxışı barədə məqalə dərc edib
Pakistanın ingilis dilli “Diplomatik Star” jurnalının oktyabr buraxılışında və “States Times” qəzetində müvafiq olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə çıxışı barədə geniş məqalə dərc edilib.
Gün.Az-a ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə həmçinin Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Əliyevin Avropa Parlamenti üzvlərinə ünvanladığı müraciətə də yer ayrılıb.
“Diplomatik Star” jurnalının xəbərində Azərbaycan Prezidentinin 12 oktyabr 2015-ci ildə Nazirlər Kabinetinin iclasındakı nitqində bütün çətinliklərə, böhranlara, təxribatlara baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, iqtisadi artımın 3,7 %, qeyri-neft sektorundakı artımın 10 %-dən artıq olduğunu vurğuladığı bildirilir.
İqtisadi sfera ilə yanaşı, sosial-ictimai sahədə də tərəqqi əldə olunub, məktəblər, xəstəxanalar, tibb müəssisələri tikilib, yeni iş yerləri yaradılıb. Azərbaycan Prezidenti regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin inşaatı ilə bağlı nailiyyətlərin olduğunu qeyd edib.
Məlumatın əsas mövzusu isə, Prezidentin Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi mesajlar olub. İlham Əliyev dövlətin hər zaman olduğu kimi bu il də ordu quruculuğunu prioritet sahə kimi qəbul etdiyini, ordunun təchizatının gücləndirilməsi üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.
Prezident Azərbaycan ordusunun cəbhədə üstünlüyü ələ aldığını, erməni təxribatlarının dəf edildiyini, erməni diversiya qruplarının məhv edildiyini vurğulayıb. Məqalədə dövlət başçısının “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında və beynəlxalq hüququn prinsiplərinə uyğun həll edilməlidir” fikri də vurğulanıb.
İlham Əliyev Ermənistan rəhbərlərinin Dağlıq Qarabağa dair bəyanatlarını onların düşdüyü gərgin psixoloji vəziyyətin təzahürü olduğunu ifadə edib.
Azərbaycanın hərbi və iqtisadi qüdrətinin gündən-günə daha artdığı nəzərə çatdırılıb.
“States Times”də isə politoloq Ramiz Əliyevin Avropa Parlamenti üzvlərinə ünvanladığı müraciətin mətninə yer ayrılıb. Müraciətdə erməni təcavüzünün ağır siyasi və sosial-humanitar nəticələri diqqətə çatdırılıb, Ermənistanın özbaşınalıq nümayiş etdirdiyi qeyd olunub. Kəlbəcər rayon sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin hal-hazırda işğal altında olan doğma diyarlarını ziyarət edərkən tutulub, vəhşi rəftara məruz qalmaları bildirilib.
Müraciətin yekununda Avropa Parlamentinin üzvləri D. Əsgərov və Ş. Quliyevin pozulmuş hüquqlarının bərpasına kömək etməyə dəvət olunurlar.
Dərc olunmuş məlumatlara aşağıdakı linklərdən baxıla bilər:
http://www.diplomaticstar.com/magazine/?=1635
http://statestimes.net/news/2015/10/13/dear-member-of-european-parliament/
Pərvanə Sultanova
Gün.Az