2015-08-24

Pakistanda keçirilən media forumda Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı müzakirə edilib

Bakı. Məlahət Nəcəfova-APA. Ötən gün Pakistanın paytaxtı İslamabad şəhərində Pakistan-Azərbaycan media forumu çərçivəsində seminar keçirilib. Azərbaycanın Pakistandakı Səfirliyindən APA-ya verilən məlumata görə, seminarda əsas müzakirə mövzusu Azərbaycanın qədim yaşayış məskənləri olan Füzuli və Cəbrayıl rayonlarının 22 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi və bu işğala beynəlxalq ictimaiyyətin o, cümlədən Birləşmiş Millətlər Təşkilatının hələ də göz yumması olub.

Seminarda çıxış edən Pakistanın bir neçə tanınmış ziyalısı bildirib ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş erməni qəsbkarlar bu ərazilərdə mövcud olmuş bütün şəhərləri, qəsəbələri, kəndləri amansızcasına məhv edərək yer üzündən siliblər.

İştirakçılara dağlıq ərazidə yerləşən və təbii sərvətlərə malik Füzuli və Cəbrayıl rayonlarının talan edilməsi, meşə ərazilərinin kəsildiyi və yaxud yandırıldığı, tarixi yerlərin, məscidlərin, abidələrin, tikililərin dağıdıldığı, yaşayış məskənlərinin xarabalıqlara çevrildiyini, kənd təsərrüfatına yararlı bütün torpaqların məhv edildiyi barədə məlumat verilib.

Daha sonra natiqlər qeyd ediblər ki, hazırda Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinə baxmayaraq atəşkəs rejimi erməni ordusu tərəfindən mütəmadi pozulur, dinc əhali ermənilər ordusu tərəfindən girov götürülür, cəbhəyanı bölgələrdə məskunlaşmış əhali daim qorxu içində həyat sürürlər.
http://az.apa.az/news/394456

Arxiv üzrə axtarış