“Avropa oyunları Pakistanda da böyük marağa səbəb olub
Səfir: “Səfirlik Pakistanın İslamabad, Lahore, Sialkot və digər şəhərlərində…”
Pakistan daim bir mənalı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında rəsmi Bakının mövqeyini dəstəkləyir. Bu fikri AZADİNFORM-a müsahibəsində Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib. Səfirlə müsahibəni təqdim edirik:
– Cənab səfir, Azərbaycan və Pakistan dövlətləri arasındakı münasibətləri necə qiymətləndirirsiniz və bu münasibətlərin gələcəyi barədə fikirləriniz nədən ibarətdir?
– Azərbaycan ilə Pakistan arasında ənənəvi dostluq münasibətləri formalaşdırılıb, ölkələrimiz arasında əməkdaşlıq ikitərəfli, beynəlxalq və regional maraqlar əsasında qurulub. Bu əlaqələrin banisi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra Pakistan ölkəmizin suverenliyini tanıyan ikinci ölkə olub. Azərbaycanla Pakistan Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlıq edir, bir-birilərinin mövqelərini müdafiə edirlər. Ölkələrimiz arasında münasibətlər siyasi, diplomatik, hərbi, mədəni, humanitar, təhsil sahələrində uğurla inkişaf etməkdədir. Əfsuslar olsun ki, iqtisadi və ticarət sahələrində əlaqələr hələ ki mövcud potensiala cavab verir. Cari il ölkələrimiz arasında əlaqələr üçün əlamətdar bir il olub.
Belə ki, 11-14 mart tarixlərində Pakistanın Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər edib. Pakistan dövlət başçısının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşü, səfər çərçivəsində imzalanmış sənədlər, şübhəsiz ki, iki dost ölkələrimiz arasında münasibətlərə müsbət dinamika verəcək. Əminliklə demək olar ki, səfər zamanı ölkə Prezidentlərinin iştirakı ilə keçirilmiş biznes-forum Azərbaycan-Pakistan iqtisadi əlaqələrinə öz müsbət təsirini göstərəcək, və artıq, forumdan qısa bir zaman keçməsinə baxmayaraq, biz bu tədbirin müsbət nəticə verdiyinin şahidi olmuşuq. Və, nəhayət, səfər zamanı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Pakistana xidmətlərinə görə Hilal-e-Pakistan ordeni təltif edilməsi Azərbaycan və Pakistanın geniş ictimaiyyəti tərəfindən tərəfindən yüksək qiymətləndirilib.
– Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Pakistan dövlətinin münaqişə ilə bağlı mövqeyi necədir?
– Pakistan daim birmənalı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında rəsmi Bakının mövqeyini dəstəkləyir. Pakistan hökuməti bu günə kimi Ermənistanla nəinki diplomatik münasibətlər qurmayıb, hətta onu bir dövlət kimi tanımayıb. 01.02.2012-ci il tarixində Pakistan senatı Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi qiymətləndirən və bu faciədə əli olanları məsuliyyətə cəlb olunmasını tələb edən, həmçinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. 03.10.2013-ci il tarixli növbəti qətnaməsində isə Pakistan Senatı bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Bu il mayın 3-də Dağlıq Qarabağda keçirilmiş qondarma parlament seçkilərinə Pakistan tərəfi biganə qalmayıb, ölkənin Xarici İşlər Nazirliyi və senatının müdafiə komitəsi öz bəyanatlarında bu “seçkiləri” qəti şəkildə pisləyərək, nəticələrini tanımadığını bildiriblər. Şübhəsiz ki, Pakistanın bu addımı iki qardaş ölkələr arasındakı münasibətlərin göstəricisi və bu ölkənin ədalət prinsiplərinə sadiqliyinin nümayişidir.
– Pakistandakı Azərbaycan səfirliyi Dağlıq Qarabağ münaqişəsi, Xocalı həqiqətlərinin Pakistan ictimaiyyətinin diqqətinə çatdırılması üçün hansı işləri görür?
– Azərbaycanın Pakistandakı Səfirliyi Dağlıq Qarabağ, Xocalı soyqırımı məsələlərini daim diqqət mərkəzində saxlayır. Belə ki, səfirlik tərəfindən mütəmadi olaraq Pakistanın aparıcı qəzet və jurnallarında məqalələr dərc edilir, televiziya kanallarında sənədli filmlər nümayiş etdirilir, müsahibələr verilir. Eyni zamanda, ölkənin aparıcı universitetlərində adı çəkilən mövzuda seminarlar, konfranslar təşkil edilir. Əlamətdar haldır ki, Pakistanın ən böyük Universitetlərindən olan Allama İqbal Universiteti öz dərsliyinə Dağlıq Qarabağ münaqişəsi həqiqətlərini əks etdirən bənd daxil edib.
– Bildiyiniz kimi, Azərbaycan bu il Avropa oyunlarına ev sahibliyi edir. Bu oyunların ölkəmizdə keçirilməsinin əhəmiyyəti barədə fikirlərinizi bölüşə bilərsinizmi? Avropa oyunları Azərbaycan üçün hansı nəticələri verəcək?
– Şübhəsiz ki, ilk Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsidir. Bu tədbir Azərbaycanın, Avropa qitəsi və bütövlüklə dünyada tanınmasında, ölkəmizin infrastruktur inkişafında əvəzsiz rol oynayacaq.
Avropa oyunları Pakistanda da böyük marağa səbəb olub. Ölkənin bir sıra aparıcı media mənsubları bu meqa tədbir haqqında silsilə yazılar dərc ediblər. Səfirlik Pakistanın İslamabad, Lahore, Sialkot və digər şəhərlərində Avropa Oyunlarının təbliği istiqamətində tədbirlər həyata keçirib, Pakistan mətbuatında müxtəlif məqalələr dərc edib.
Leyla Məhərrəmova
27.05.2015 16:57 / Baxılıb: 234 / Çaphttp://www.azadinform.az/news/a-93394.html