2015-05-13

12.05.2015 tarixində Azərbaycanın səfiri Daşqın Şikarov Pakistan Senatının Sədri Mian Rza Rabbani ilə görüşmüşdür.

Görüş Söhbət zamanı səfir D.Şikarov M.R. Rabbanini Pakistan senatının sədri seçilməsi münasibəti ilə təbrik etmiş, ona vəzifəsində uğurlar arzulamışdır. Diplomat Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun adından M.R. Rabbanini Azərbaycana səfər etməyə dəvət etmışdır. Senatın sədri böyük məmnuniyyətlə təklifi qəbul edərək, öz tərəfindən, həmkarını Pakistana səfər etməyə dəvət etmişdir.

Görüş zamanı, Azərbaycan-Pakistan münasibətləri haqqında danışılmış, Pakistanın Dağlı Qarabağ məsələsində ölkəmizə verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığına görə qarşı tərəf minnətdarlığını bildirmişdir. Eyni zamanda, Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 01.02.2012 və 03.10.2013-cü il tarixli qətnamələrin qəbul olunması, həmçinin cari ilin 3 may tarixində keçirilmiş qondarma “parlament seçkilərini” tanımayan bəyanat verdiyinə görə həmsöhbətinə öz təşəkkürünü bildirmişdir.

Söhbət zamanı, Pakistanın Prezidenti cənab Məmnun Hüseynin 11-14 Mart, 2015 –ci il tarixlərində Azərbaycana səfəri, səfər zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər barəsində söz açılmış, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət dinamika verəcəyi qeyd edilmişdir. Daha sonra, ölkəmizdə gedən yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar, birinci Avropa oyunlarına gedən hazırlıq işləri barəsində məlumatlar verilmişdir.

Pakistan Senatının Sədri xalqlarımız arasındakı münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyindən məmnun olduğunu bildirərək, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd etmişdir. Pakistan Senatı və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq haqqında danışan M.R. Rabbani, Pakistan senatının nümayəndə heyətlərinin Azərbaycana, həmçinin Azərbaycan Milli Məclisinin sədri cənab Oqtay Əsədovun, digər millət vəkillərinin Pakistana səfərləri barəsində danışmışdır.

Arxiv üzrə axtarış