Pakistan mətbuatı ilk Avropa oyunlarından yazıb
Pakistanın diplomatik çevrələrində böyük nüfuza malik olan “Centreline” jurnalında və “Diplomatic News Agency” informasiya agentliyində “İlk Avropa Oyunları Bakıda keçiriləcək” adlı məqalə dərc edilib.
Gün.Az-a ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə 2015-ci ilin 12-28 iyun tarixlərində Bakı şəhərində ilk Avropa Oyunlarının keçiriləcəyi bildirilib.
Qeyd edilib ki, bu barədə qərar 08.12.2012-ci il tarixində Romada Avropa Olimpiya Komitəsinin (AOK) iclasında keçirilmiş gizli səsvermə zamanı qəbul edilib.
Yazıda, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hickeyin iclasda çıxışından sitat da gətirilib: “Biz Avropa idman tarixinin ən böyük hadisəsinin astanasındayıq. Mən fəxr edirəm ki, ilk Avropa Oyunları Bakıda 2015-ci ildə keçiriləcək. Biz bunu çoxdan gözləyirdik ….”.
Məqalədə, 12-28 iyun 2015-ci il tarixində Azərbaycanda keçiriləcək Bakı Avropa Oyunlarının, Yay Olimpiya oyunlarının gitə prototipi olduğu bildirilib. Buna misal kimi, Mərkəzi Amerika və Karib oyunlarının 1926-ci, Asiya və Pan Amerika oyunlarının 1951-ci, Afrika oyunlarının 1965-ci illərdən keçirildiyi vurğulanıb.
Yazıda, Azərbaycan hökumətinin oyunlara bütün ciddiliyi ilə yanaşdığı, Prezident İlham Əliyevin bu oyunları “tarixi hadisə” adlandıraraq, 17 yanvar 2013-cü il tarixində ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə oyunları təşkil edəcək Təşkilat Komitəsinin yaradıldığı bildirilib.
Vurğulanıb ki, Mehriban Əliyeva dünya miqyaslı tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir, “Eurovision 2012” musiqi müsabiqəsinin hazırlıq işlərinə rəhbərlik edərək bu tədbirin böyük uğurla keçirilməsini təmin edib. 30 nəfərlik təşkilat komitəsinə nazirlər, dövlət məmurları, olimpiya çempionları daxildir. Hazırlıq işlərinə, London 2012 Yay Olimpiya Oyunlarını təşkil etmiş ekspertlər cəlb olunublar.
Məqalədə, həmçinin Avropa oyunlarına hazırlıq işləri barəsində, tikilmiş idman obyektləri, Olimpiya stadionu, akva idman mərkəzi, atıcılıq mərkəzi və digər mərkəzlər haqqında məlumat verilib. Qeyd edilib ki, 65 min nəfər tutumu olan Olimpiya stadionunda keçiriləcək Bakı 2015 Avropa Oyunlarının açılış mərasiminə Avropanın 49 ölkəsindən 6000 atlet, 2 min jurnalist, min nəfər rəsmi heyət qatılacaq.
İdmançılar olimpiya kəndində, jurnalistlər isə media mərkəzində yerləşdiriləcəkdir. Yarışlar 20 idman növü üzrə keçiriləcək, onlardan 16-sı yay olimpiya oyunları, 4-ü isə qeyri-olimpiya oyunları olacaq. Bəzi idman növləri üzrə oyunlarda medal qazanmış atletlər Rio-de-Janeyro da keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Məqalədə, Avropa oyunlarının idmanın təbliği, ölkənin tanınması, infrastrukturun inkişafı, maddi mənfəətin əldə edilməsi baxımından Azərbaycan üçün böyük önəm kəsb etdiyi bildirilib.
Yazının sonunda, Avropa Oyunlarından sonra Azərbaycanda dünya şahmat turniri 2015, şahmat olimpiadası 2016, İslam həmrəylik oyunları 2017, UEFA Avro 2020-nin bəzi matçların keçiriləcəyi də vurğulanıb.
Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.
http://dnanews.com.pk/?p=40949
http://centreline.com.pk/?p=4949