Azərbaycanın səfiri Daşqın Şikarov Pakistan Senatının sədr müavini Abdul Qafur Heydari görüşmüşdür.
16.04.2015 –ci il tarixində Azərbaycanın səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Senatının yeni seçilmiş sədr müavini Abdul Qafur Heydari ilə görüşmüşdür.
Söhbət zamanı A.Q.Heydarini Pakistan senatının sədr müavini vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edən səfir, Azərbaycan-Pakistan münasibətləri haqqında danışmışdır. Diplomat, Pakistanın Dağlı Qarabağ məsələsində ölkəmizə verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığı üçün hər bir Azərbaycanlının qəlbində Pakistanlılara qarşı böyük məhəbbət yarandığını bildirmişdir. Səfir Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 01.02.2012, 03.10.2013-cü il tarixli qətnamələrin qəbul olunmasında Pakistan senatının tutuduğu prinsipial mövqeyi yüksək qiymətləndirərək, işğal olunmuş Azərbaycan ərazilərində 3 may tarixində planlaşdırılan qondarma “parlament seçkilərini” tanımayan bəyanat verdiyinə görə senatın sədr müavininə təşəkkür etmişdir.
Söhbət zamanı səfir, Azərbaycanda gedən yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar, birinci Avropa oyunlarına gedən hazırlıq işləri barəsində məlumatlar vermişdir. Vurğulanmışdır ki, Pakistanın Prezidenti cənab Məmnun Hüseynin Azərbaycana 11-14 Mart, 2015 –ci il tarixlərində Azərbaycana səfəri, səfər zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafını daha da sürətləndirəcəkdir.
D. Şikarov Sonra Abdul Qafur Heydarinin üzvü olduğu Camaat-e Ullama Islam partiyasının Azərbaycanla olduğu sıx əlaqələri olduğunu, partiyanın lideri Mollana Fazl ul Rehmanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini və Azərbaycanda keçirdiyi yüksək səviyyəli görüşləri xatırlamışdır.
Pakistan Senatının Sədr müavini xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrdən danışmış, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd etmişdir.
İki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında danışan Abdul Qafur Heydari, Pakistan senatının sədr müavinləri Mir Can Camali, Sabir Əli Bəlucun rəhbərlik etdikləri nümayəndə heyətlərinin Azərbaycana, həmçinin Azərbaycan Milli Məclisinin sədri cənab Oqtay Əsədovun, digər millət vəkillərinin Pakistana səfərləri barəsində danışmışdır.
Görüş zamanı regionda cərəyan edən hadisələr haqqında fikir mübadiləsi aparılmışdır.