2015-03-30

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Bakı. Ağa Cəfərli – APA. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə hər iki ölkənin yüksək rütbəli zabitləri iştirak ediblər.

Görüşü Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov açıb. Bildirib ki, maraq doğuran bir sıra qarşılıqlı məsələlər üzrə iki ölkə arasında ənənəvi əməkdaşlıq mövcuddur: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. Azərbaycan Respublikası da Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir”.

Sonra söz Pakistan İslam Respublikası Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayna verilib. O da öz növbəsində Azərbaycan-Pakistan münasibətlərindən söz açıb.

İki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Arxiv üzrə axtarış