2015-05-05

Pakistanda Azərbaycan səfirliyinin dəstəyi ilə Azim İqbalın sərgisi keçirilib

Pakistanın Milli İncəsənət Mərkəzində Azərbaycan səfirliyinin dəstəyi ilə bu ölkənin tanınmış rəssam-xəttatı Azim İqbalın “Sülh və Harmoniyanın Rəngləri” adlı fərdi sərgisi keçirilib.

Gün.Az-a Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə bu ölkənin informasiya, yayım və milli irs naziri Məhəmməd Azam, Pakistan prezidentinin mətbuat katibi Samina Vakar, Pakistanda akkreditə olunmuş səfirlər, diplomatlar, tanınmış ictimai siyasi xadimlər, media mənsubları iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın səfiri Daşqın Şikarov iki ölkə arasında dostluq münasibətləri, mədəni bənzərliklər barəsində danışıblar. Diplomat, bu tədbirin xalqlarımız arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Azim İqbal haqqında danışan səfir, öz yaradıcılığında rəssamın incəsənət vasitəsi ilə sufiliyə mənəvi səyahət edərək sülh və harmoniyanı təbliğ etdiyini vurğulayıb. Deyib ki, A.İqbalın kolleksiyası sufi mədəniyyətinin simvolik nümayişdir. Öz xəttatlığında rəssam müxtəlif klassik və innovativ texnologiyalara əl atıb, dünyaya sevgi və humanizm ideyalarını çatdırıb.

D.Şikarov, rəssamın Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağının dekorasiyaların yaradılmasında əvəzsiz rolunu qeyd edib. Səfir, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif Nura sərginin hazırlanması istiqamətində gördüyü işlərə görə minnətdarlığını bildirib.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam sərginin keçirilməsinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. Vurğulayıb ki, Pakistan mədəniyyətini təbliğ etməklə Azərbaycan, Pakistanla dostluq münasibətlərinə hörmətini nümayiş etdirir. Nazirin sözlərinə görə, bu kimi tədbirlər iki xalq arşında dostluq əlaqələrini daha da möhkəmləndirməyə xidmət edir.

Daha sonra Pakistan rəsmisi, başçılıq etdiyi nazirliyin fəaliyyəti, hökumətin milli-mədəni irsin qorunub-saxlanılması istiqamətində fəaliyyəti barəsində məlumat verib.

A.İqbal çıxışında Azərbaycan səfirliyinə onun fərdi sərgisinin keçirilməsində yardım etdiyinə görə minnətdarlığını bildirib. O, Azərbaycanın zəngin mədəni irsi, qədim tarixinə malik olduğunu qeyd edib, Azərbaycanın incəsənət ustaları haqqında danışıb. Bundan sonra da, öz yaradıcılığında humanizm, sülh prinsiplərinə sadiq qalacağını, iki qardaş xalq arasında əlaqələrin inkişafı naminə əlindən gələni edəcəyini deyib.

Rəmzi lent kəsildikdən sonra qonaqlar A.İqbalın sərgisi ilə tanış olublar. Sərginin açılış mərasiminin sonunda qonaqlar üçün ziyafət verilib.

Sərgi zamanı səfir D.Şikarov Pakistanın PTV, DAWN, Express, GEO və Capital TV kanallarına müsahibə verib. Sərgi martın 5-dək davam edəcək.

İslamabad şəhərində keçirilmiş tədbir Pakistan mediası tərəfindən geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış