2015-10-20

Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sanzın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Nazir Elmar Məmmədyarov Azərbaycanın Cənubi və Mərkəzi Amerika regionu ölkələri ilə münasibətlərə xüsusi önəm verdiyini, bir sıra region ölkələrində diplomatik nümayəndəliklərin təsis olunmasından sonra münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. Bu xüsusda, Azərbaycanın Kosta Rika ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi. Nazir bu kimi səfərlərin əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün vacib olduğunu diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi mexanizminə uğun olaraq, siyasi dialoqun gücləndirilməsinə ehtiyac olduğunu vurğuladı. Nazir həmçinin beynəlxalq münasibətlərin mühüm tendensiyası olan parlament diplomatiyasından bəhs edərək, parlamentlərarası dostluq qruplarının təsisinin qarşılıqlı faydalı olacağını dedi.

Elmar Məmmədyarov regional inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həmkarını məlumatlandıraraq, güc yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının pozulmasının qəbuledilməz olduğunu vurğuladı.

Kosta Rikalı nazir Manuel Qonsales Sanz Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edərək, ölkəmizin cəmi 20 il ərzində əldə etdiyi nailiyyətlərin təqdirəlayiq hal olduğunu qeyd etdi. Ölkəsinin Azərbaycanla humanitar, iqtisadi və turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi. Həmçinin tələbə mübadiləsinin həyata keçirilməsinin əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğuladı.

Kosta Rikanın ordudan imtina etdiyini deyən nazir ölkəsinin beynəlxalq məsələlərin həllində yalnız beynəlxalq hüququn aliliyinə güvəndiyini diqqətə çatdırdı.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının inkişafı, sərmayələrin qoyulması və Cənubi Qafqaz və Mərkəzi Amerika regionlarının siyasi, iqtisadi və sosial mənzərəsi barəsində geniş fikir mübadiləsi aparıldı.

Arxiv üzrə axtarış