Müdafiə Sənayesi naziri Yavər Camalov Pakistan Prezidenti ilə görüşmüşdür.
İslamabadda keçirilən Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan tərəfdən komissiyanın həmsədri, Azərbaycan Respublikası Müdafiə sənayesi naziri cənab Yavər Camalov 26.04.2016-cı il tarixində Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Hüseyn tərəfindən qəbul edilmişdir.
Pakistan prezidenti iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin qorunması və gücləndirilməsinin zərurətini ifadə etmiş, İstanbulda keçirilən sonuncu İƏT sammitində özünün Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşünü yada salaraq bildirmişdir ki, Pakistan sammitdə erməni təcavüzünü qınayan, Azərbaycanın haqq işini tamamilə müdafiə edən ən qüvvətli səs olmuşdur.
Y. Camalov Azərbaycan-Pakistan münasibətlərinin möhkəm təməllərə söykəndiyini, Pakistanın Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın haqq işinə verdiyi dəstəyin əhəmiyyətini vurğulamış, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar layihələrin önəmini nəzərə çatdırmışdır.
Pakistan prezidenti ikitərəfli iqtisadi, o cümlədən turizm əlaqələrinin mövcud potensialı əks etdirmədiyini, bu sahədə irəliləyişə nail olmağın vacibliyini qeyd etmişdir. Görüşün sonunda M. Hüseyn Azərbaycan Prezidentinə və Birinci xanımına salam və ehtiramlarını, Azərbaycan xalqına da xoş arzu-dualarını çatdırmağı xahiş etmişdir.