2016-04-26

Müdafiə Sənayesi naziri Yavər Camalov Pakistan baş naziri ilə görüşmüşdür.

İslamabadda keçirilən Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi naziri cənab Yavər Camalov 26.04.2016-cı il tarixində Pakistan baş naziri cənab Nəvaz Şərif tərəfindən qəbul edilmişdir.

Pakistan baş naziri cari ilin yanvarında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Davosda görüşdüyünü xatırladaraq bildirmişdir ki, iki ölkənin münasibətləri səmimi dostluq və əməkdaşlığa əsaslanır. Azərbaycan prezidenti də onun bu fikrinə şərik olmuşdur. Görüşdə Y. Camalov Ermənistan təcavüzü barədə ətraflı məlumat vermiş, bu məsələdə Pakistanın nümayiş etdirdiyi tam dəstəyə görə təşəkkür etmişdir.

Pakistan baş naziri Qarabağ məsələsində Azərbaycana açıq dəstək bəyan etdiyini, bütün müvafiq platformalarda bu mövqeyi səsləndirdiyini, müdafiə sahəsində əməkdaşlıq və dəstəyə hər zaman açıq olduqlarını diqqətə çatdırmışdır. N. Şərif Pakistanın cari ilin 27-30 sentyabrında Bakıda keçiriləcək müdafiə məhsulları sərgisində tam şəkildə iştirak etməsinin əhəmiyyətini ifadə etmiş, Azərbaycan Prezidenti cənab İlham Əliyevə salamlarını çatdırmağı xahiş etmişdir.

 

Arxiv üzrə axtarış