27 may 2016-cı ildə İslamabadın Serena mehmanxanasında 28 May Respublika Günü münasibəti ilə mərasim keçirilmişdir.
Pakistanın Federal təhsil, Peşəkar təlim, Daxili işlər və Narkotiklərə nəzarət üzrə Dövlət naziri Məhəmməd Baliğur Rəhmanın ali qonaq qismində qatıldığı tədbirdə Pakistan ordusunun generalları və digər yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin idarə rəisləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişlər.
Mərasim salonu Azərbaycanın Prezidenti İlham Əliyev və Pakistanın Prezidenti Məmnun Hüseynin portretləri ilə bəzədilmiş, müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafı haqqında videoçarx nümayiş etdirilmiş, milli musiqi nümunələri səsləndirilmişdir.
Qonaqları salamlayan müvəqqəti işlər vəkili Çingiz Qəribli Azərbaycan xalqının azadlıq əzminin, habelə onun zəngin mədəniyyətinin təzahürü olaraq, Azərbaycan Demokratik Respublikasının 1918-ci ilin 28 mayında öz müstəqilliyini elan etməsindən, qısa sürsə də ADR ideallarının 1991-ci ildə yenidən azadlığına qovuşan Azərbaycanın siyasi tarixində mühüm yerə malik olmasından danışmışdır. O bildirmişdir ki, müstəqil Azərbaycan bu gün müasir dövlət quruculuğu yolunda irəliləyir, Azərbaycan İslam dünyası ilə Qərb arasında mədəni körpü rolunu ounayır, öz müstəqilliyini qorumağa və gücləndirməyə qadirdir. Onun nitqində Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın tam dəstəyindən, Azərbaycanın Pakistanda həyata keçirdiyi humanitar layihələrdən bəhs olunmuşdur.
Pakistanın Federal təhsil, Peşəkar təlim, Daxili işlər və Narkotiklərə nəzarət üzrə Dövlət naziri Məhəmməd Baliğur Rəhman çıxışında Azərbaycana səfərinə istinad edərək vurğulamışdır ki, bu ölkə gündən-günə inkişaf edir. Azərbaycan və Pakistanın bir-birinə münasibəti təmənnasızdır. Pakistan Ermənistan işğalını ən sərt şəkildə qınamış, Pakistan Senatı Xocalı Soyqırımını tanıyan qətnamə qəbul etmişdir. Azərbaycan həmişə çətin zamanlarda Pakistanın yanında olmuş, Heydər Əliyev Fondu Pakistanda çox önəmli humanitar layihələr həyata keçirmişdir.
Qonaqlar Azərbaycan həqiqətlərindən, iqtisadi və turizm potensialından bəh edən kitab və broşurlarla tanış olmuşlar.
Pakistanın “The News”, “Pakistan Observer”, “The Fortress” və “Daily Azkaar” qəzetlərində, “Global Affairs” və “Diplomatic Star” jurnallarında müstəqil Azərbaycanın tarixi arxaplanı, dövlət quruculuğu, iqtisadi inkişaf, turizm potensialı barədə məqalələr, həmçinin 28 May Respublika Günü münasibəti ilə keçirilmiş qəbuldan xəbərlər öz əksini tapmışdır (əlavə olunur):
http://pakobserver.net/2016/05/29/cooperation-between-pakistan-azerbaijan-growing/
http://e.thenews.com.pk/pindi/5-28-2016/page5.asp
http://www.globalaffairs.com.pk/grand-celebrations-of-azerbaijans-republic-day-in-islamabad/
http://www.globalaffairs.com.pk/how-to-get-an-electronic-tourist-visa/
http://www.globalaffairs.com.pk/azerbaijan-an-oldest-land/
http://www.diplomaticstar.com/magazine/?p=1771