Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə, Pakistan-Azərbaycan Birgə Hökümətlərarası Komissiyanın həmsədri, Pakistanın Neft və Təbii Ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşmüşdür.
Görüşdə, Azərbaycan-Pakistan münasibətlərinin hazırkı vəziyyəti, hər iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstək qeyd olunmuş, yüksək səviyyədə olan siyasi əlaqələrlə yanaşı enerji və nəqliyyat sahəsində əməkdaşlığın, iqtisadi və ticari əlaqələrin daha da inkişafı, iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəlməsinə səylərin göstərilməsi, birgə hökümətlərarası komissiyanın iclaslarının hər iki ildən bir təşkil olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, müqavilə-hüquq bazasının artırılması istiqamətində müzakirələr aparılmışdır.
İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən bəhs edən nazir Ş.X.Abbasi Bakıya edilən səfərlərini xatırlamış, bir çox ölkələrə səfər etdiyini, lakin Azərbaycanın son illər ərzində sürətlə inkişaf etdiyinin daha çox şahidi olduğunu bildirmişdir.