2016-07-27

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının ticarət naziri Xurram Dastgir Xan ilə görüşmüşdür

Görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, H.Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif hümanitar və sosial yönümlü layihələr haqqında söhbət açılmış, bu cür isti və səmimi münasibətlərin fonunda iqtisadi və ticari əlaqələrin daha da artırılmasının önəmi vurğulanmışdır.

 Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan münbit şəraitdən, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyətindən, digər iqtisadi və ticari imkanlar haqqında məlumat verən səfir Əli Əlizadə, bu şəraitdən pakistanlı iş adamlarının daha çox istifadə edə biləcəyini bildirmişdir. Pakistanın iqtisadi göstəricilərinin də son illər ərzində artdığını bildirən Əli Əlizadə , Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd etmişdir.

Nazir Xurram Dastgir Xan 2016-cı ilin yanvar ayında Davosda, ozünün də şahidi olduğu Pakistanın Baş naziri ilə Azərbaycan Respublikasının Prezidenti arasında qardaşlıq şəraitində keçirilmiş səmimi görüşü xatırlamış, iki ölkənin rəhbərlərinin bu səviyyədə dostluq və qardaşlıq münasibətlərindən istifadə etmək gərəkdiyini, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd etmiş, səfirə fəaliyyətində uğurlar arzulamışdır.

Arxiv üzrə axtarış