2016-10-07

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Islam Respublikasının Milli Assambleyası sədrinin müavini Murtaza Cavid Abbasi ilə görüşüb.

Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən söhbət açan səfir, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu vurğulayıb. İşğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, müsəlman aləminə aid dini abidələrin, ziyarətgahların, məscid və digər obyektlərin dağıdılması, təhqirə məruz qoyulması haqqında məlumat verən səfir Xocalı soyqrımını tanıması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin Pakistan Parlamenti tərəfindən qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edərək, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasını dəstəklədiyini bildirib.

Pakistan Islam Respublikasının Milli Assambleyası sədrinin müavini Murtaza Cavid Abbasi iki ölkə arasında tarixi, dini, mədəni bağlılıqların möhkəm olduğunu, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycanla parlamentlərarası əlaqələri daha da genişləndirmək istədiyini, mümkün olan  ilk zamanda Bakıya səfər edəcəyinin qeyd edib. Xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafının önəmindən danışan Murtaza Cavid Abbasi Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım  Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin məmnunluqla qarşılandığını bildirib və təşəkkürlərinin Fondun Prezidenti Mehriban xanım Əliyevaya çatdırılmasını xahiş edib.

Görüşdə həmçinin, parlamentlərarası münasibətlərin, eləcə də dostluq qrupları arasında əlaqələrin daha da artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb. 

Arxiv üzrə axtarış