2016-10-14

İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Baş nazir.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda salamlamaq istərdim. Çox şadıq ki, cənab Baş nazir ölkəmizdə rəsmi səfərdədir. Biz ilin əvvəlində Davosda görüşmüşük. Çox yaxşı görüş keçirdik və söhbət apardıq, əməkdaşlığımızın strateji mahiyyətini bir daha vurğuladıq. Bu gün Pakistanın Baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında çox yaxın əməkdaşlığı davam etdirdiyimizi göstərir.

Pakistan bizim üçün ən yaxın dostlardan biridir. Biz müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bizim çox yaxın siyasi əlaqələrimiz var. Biz Baş nazirlə siyasi əməkdaşlığımızın səviyyəsinin çox yüksək olduğunu müzakirə etdik.

Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməli, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəkləyir. Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman bizi dəstəkləyir. Biz bütün beynəlxalq təşkilatlarda birlikdəyik. Baş nazirin bugünkü səfəri görülmüş işlərə yenidən nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır.

Cənab Baş nazir, səfərinizin xoş keçməsini arzulayıram. Dəvətimi qəbul edib bu gün Azərbaycana səfər etdiyinizə görə Sizə minnətdaram. Bir daha xoş gəlmisiniz.

X X X

Pakistanın Baş naziri Məhəmməd Nəvaz ŞƏRİF dedi:

-Cənab Prezident, təşəkkür edirəm.

İlk növbədə, gözəl ölkənizə səfər etməyin bizim üçün şərəf olduğunu demək istərdim. Biz Bakını görməyə çox şadıq. Son 10-15 ildə Bakı belə gözəl bir şəhərə çevrilib. On beş ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir. Artıq qeyd etdiyim kimi, mən 1998-ci ildə Bakıda olmuşam. Burada rəsmi səfərdə olmaq şəxsən mənim üçün şərəfdir. Bu gözəl şəhərdə mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən olduqca səmimi münasibətə görə Sizdən minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm. İlk növbədə, icazə verin, 18 oktyabr - milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbrikimi və ən xoş arzularımı çatdırım.

Cənab Prezident, deməliyəm ki, Pakistan xalqı Sizin dahi atanız mərhum Prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və Sizin müdrik, mahir rəhbərliyinizi yüksək qiymətləndirir. Son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyiş diqqətəlayiqdir.

Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir. Deməliyəm ki, biz dünəndən çox təsirlənmişik. Cənab Prezidentə dedim ki, mən dünyada bu qədər təmiz şəhər görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü unutmuşam. Lakin şübhəsiz ki, bu, mənim indiyədək olduğum ən təmiz şəhərlərdən biridir. Şəhərin planlaşdırılması, dünən və bu gün gördüyümüz gözəlliklər bizi məftun etdi. Bir daha Sizə təşəkkür edirəm.

Arxiv üzrə axtarış