2016-11-01

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdul Rauf Aləmlə görüşmüşdür.

Pakistanın iqtisadi göstəricilərinin son illər ərzində artdığını bildirən Əli Əlizadə, Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd etmişdir. Bir sıra azərbaycanlı iş adamlarının Pakistanla ticarət əlaqələrinin yaradılması üçün səfirliklə təmasda olduğunu bildirən Əli Əlizadə, xüsusən turizm, tekstil və kənd təsərrüfatı, pambıqçılıq, toxumçuluq sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirmişdir.  Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan münbit şəraitdən, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyətindən, digər iqtisadi və ticari imkanlar haqqında məlumat verən səfir Əli Əlizadə, bu şəraitdən pakistanlı iş adamlarının daha çox istifadə edə biləcəyini qeyd etmişdir.

Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti  Abdul Rauf Aləm iki ölkə arasında mövcüd olan yüksək səviyyəli əlaqələrdən mümkün qədər hər iki ölkənin iş adamlarının yararlanması gərəkdiyini bildirərək, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd etmişdir. Abdul Rauf Aləm noyabr ayının sonlarında İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək biznes forumunda iştirak etmək üçün geniş nümayəndə heyəti ilə birgə Azərbaycana səfər edəcəyini, səfər çərçivəsində müxtəlif görüşlər keçirəcəklərini, Pakistanla-Azərbaycan arasında iqtisadi əlaqələrin daha da artırılması perspektivlərini də araşdıracaqlarını vurğulamış, iqtisadi və ticari əlaqələrin daha da inkişafı istiqamətində Səfirliyin göstərdiyi səylərə görə təşəkkür etmişdir.

 

 

Arxiv üzrə axtarış