2016-11-24

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Pakistan Hökümətinin dəvətinə əsasən Kəraçi şəhərində keçirilən “İDEAS-2016” müdafiə sərgisində iştirak etmək üçün Pakistan İslam Respublikasına səfər etmişdir.

Baş nazirin birinci müavininin başçılıq etdiyi nümayəndə heyəti müdafiə sərgisinin açılış mərasiminə qatılmış, həmçinin,  müxtəlif ölkələrin stendləri və sərgilənən müdafiə sənayesi məhsullarına baxış keçirmişdir.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Hüseyn Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovu qəbul etmişdir. Baş nazirinin birinci müavini Azərbaycan Respublikası Prezidentinin xoş salam ve ehtiramlarını cənab Məmnun Hüseynə çatdırmış, Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd etmişdir.

Baş nazirinin birinci müavini beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini daim dəstəklədiyini vurğulayaraq, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd etmişdir. Yaqub Eyyuov Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın Pakistanla daha da istiləşən münasibətlərindən söhbət açan Baş nazirin birinci müavini, Pakistanla iqtisadi əlaqələrin daha da artırılması istiqamətində aparılan işlərdən, sərgidə iştirakından, əldə olunan razılıqlar haqqında məlumat vermiş, digər sahələrdə olduğu kimi Azərbaycanın Pakistanla müdafiə sənayesi, hərbi-texniki sahədə də əməkdaşlığının bundan sonrada davam edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Azərbaycan Respublikası Prezidentinin Pakistan Prezidentinə ünvanladığı məktubu da Pakistan Prezidentinə təqdim etmişdir.

Pakistan Prezidenti cənab Məmnun Hüseyn xoş salamlarını və dərin ehtiramlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yetirməsini xahiş edərək, Azərbaycan Respublikasının Prezidenti ilə yaxın dostluq əlaqələrinin olduğunu, Azərbaycana yüksək səviyyədə həyata keçirilmiş rəsmi səfərini xoş təəsuratlarla xatırlatmışdır. Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığını və bu dəstəyin daim davam edəcəyini qeyd etmişdir.  Pakistan Prezidenti Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edərək, möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari və digər əlaqələrin daha da inkişafında Pakistanın da maraqlı olduğunu bildirmişdir. Pakistanın iqtisadi potensialı, idxal və ixrac imkanları haqqında söhbət açan Prezident, Pakistanın müdafiə sənayesi sahəsində də Azərbaycan ordusunu tam təchiz etməyə hazır olduğunu diqqətə çatdırmışdır. Pakistan Prezidenti Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistana səfərini gözlədiklərini və bu səfərin də ikitərəfli  əlaqələrə öz xüsusi töfhəsini verəcəyini bildirmişdir.

Görüşdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov və Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə iştirak etmişlər. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov səfər çərçivəsində həmçinin bir sıra digər rəsmi şəxslərlə də görüşlər keçirmişdir.

 

Arxiv üzrə axtarış