Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif Pakistan İslam Respublikasına səfər etmiş Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovu qəbul etmişdir.
İslamabad şəhərində keçirilən görüşdə Baş nazirinin birinci müavini Azərbaycan Respublikası Prezidentinin salamlarını Baş nazirə çatdırmış, Azərbaycan Respublikası Prezidentinin Baş nazirə ünvanladığı məktubu Məhəmməd Nəvaz Şərifə təqdim etmişdir. Kəraçi şəhərində keçirilən “İDEAS-2016” müdafiə sərgisində iştirakından, keçirdiyi görüşlər, əldə olunan razılıqlar, Azərbaycanın Pakistanla əlaqələrinin daha da inkişafı istiqamətində aparılan işlər haqqında məlumat verən Yaqub Eyyubov Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrin daha da artırılmasına xüsusi diqqətinin olduğunu qeyd etmişdir. Baş nazirinin birinci müavini Pakistanın müxtəlif sahələr üzrə əldə etdiyi uğurların Azərbaycanı da sevindirdiyini, Azərbaycanın hər zaman Pakistanı dəstəklədiyini, Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın Pakistanla bütün sahələrdə əməkdaşlığının bundan sonrada davam edəcəyini bildirən Yaqub Eyyubov səfər müddəti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, diqqətə görə öz minnətdarlığını çatdırmışdır.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif xoş salamlarını və məktuba görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yetirilməsini xahiş etmiş, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistana səfərini gözlədiklərini qeyd etmişdir. İki ölkə xalqları arasında olan ortaq bağlılıqlardan, dini-mədəni dəyərlərdən söhbət açan Baş nazir, Azərbaycan Respublikasının Prezidenti ilə yaxın dostluq əlaqələrinin olduğunu qeyd etmişdir. Azərbaycana yüksək səviyyədə həyata keçirilmiş rəsmi səfərini xatırladan Baş nazir, Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ məsələsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istədiyini və Azərbaycana tam dəstəyin daim davam edəcəyini qeyd etmişdir. Kəşmir məsələsi ilə bağlı son vəziyyət haqqında məlumat verən Baş nazir Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulamışdır. Məhəmməd Nəvaz Şərif Pakistan-Azərbaycan əlaqələrinin daha inkişafı üçün geniş potensialın mövcud olduğunu, iki qardaş ölkə arasında iqtisadi, elmi, hərbi-texniki, müdafiə sənayesi və digər sahələrdə əlaqələrin daha da artırılacağını bildirmişdir.
Görüşdə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə iştirak etmişdir. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov İslamabada səfəri çərçivəsində həmçinin bir sıra digər rəsmi şəxslərlə də görüşlər keçirmişdir.