Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Islam Respublikası Senatının sədri Mian Rza Rəbbani ilə görüşüb.
Əli Əlizadə Azərbaycan Milli Məclisi sədrinin salamlarını senatın sədrinə çatdıraraq, Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələri vurğulayıb, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edən səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, bütün beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini bildirib. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına və Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupuna qoşulmasına görə də təşəkkür edən səfir, Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu, Azərbaycanın Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb. Cari ilin fevral ayında 25-ci ildönümü tamam olacaq, təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı Soyqrımının Azərbaycan və bütün bəşəriyyət üçün ağlasığmaz bir cinayət olduğunu bildirən səfir, soyqırımın tanınması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin vaxtıilə Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Pakistan Islam Respublikası Senatının sədri Mian Rza Rəbbani xususi salamlarının və Pakistana dəvətinin Azərbaycan Milli Məclisinin sədrinə çatdırılmasını xahiş edib. Azərbaycanın Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olması, Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında həll olunması mövqeyinə görə təşəkkür edib, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyin davam edəcəyini, 25-ci ildönümü tamam olacaq Xocalı soyqrımının unudulmadığını bildirib. Pakistan Senatında Pakistan-Azərbaycan dostluq qrupunun təsis olunduğunu bildirən senat sədri, parlamentlərarası əlaqələrin daha da artırılacağını diqqətə çatdırıb. Mian Rza Rəbbani Pakistan Baş nazirinin Azərbaycana uğurlu səfərlərini, digər qarşılıqlı rəsmi səfərləri də xatırladaraq, iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdiyini, xüsusən iqtisadi əlaqələrin daha da yüksədilməsi istiqamətində potensial və səylərin artdığını vurğulayıb.
Görüşdə həmçinin, dostluq qrupları arasında əlaqələrin daha da artırılması, parlamentlərarası qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.