2017-02-06

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Aveys Əhməd Xan Leqari ilə görüşüb.

Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edən səfir Əli Əlizadə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Səfir Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına görə, həmçinin, cari ilin fevral ayında 25-ci ildönümü tamam olacaq, təcavüzkar Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş Xocalı Soyqrımı ilə bağlı Pakistan Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən 2012-ci ildə qəbul edilmiş qətnamənin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Əli Əlizadə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələri vurğulayıb, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında Pakistan Milli Assambleyasının da önəmli rolunun olduğunu qeyd edib.

 Pakistan  Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Aveys Əhməd Xan Leqari vaxtıilə Pakistan Prezidenti olmuş atası Sərdar Faruq Əhməd Xan Leqari ilə Azərbaycana səfər etdiyini və Azərbaycan haqqında xoş təəsüratlarının olduğunu vurğulayıb, Azərbaycanın Kəşmir məsələsi ilə bağlı mövqeyinə görə təşəkkür edib, Xocalı soyqrımının unudulmadığını bildirib.

Görüşdə həmçinin, Pakistan  Milli Assambleyasının Xarici Əlaqələr Komitəsi ilə qarşılıqlı müəyyən layihələrin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi də aparılıb.

 

Arxiv üzrə axtarış