2017-05-25

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən 28 May-Respublika günü və Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 25 illiyi

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən 28 May-Respublika günü və Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibəti ilə İslamabad şəhərinin Marriott mehmanxanasında keçirilən rəsmi qəbulda Pakistanın federal ticarət naziri Xürrəm Dəstgir Xan, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra mərasim iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan xalqının azadlıq əzminin təzahürü olaraq, 28 may 1918-ci ildə elan edilən Azərbaycan Demokratik Respublikasının bütün Şərqdə ilk dünyəvi parlament demokratiyası nümunəsi olduğunu qeyd etmiş, qısa müstəqillik dövründə ölkədə irqi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların seçki hüququnun təsbit edildiyini, Azərbaycanın qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk müsəlman dövləti olduğunu nəzərə çatdırmışdır. Sovet imperiyası tərəfindən işğal edilsə də,  Azərbaycan Demokratik Respublikasının Azərbaycan xalqının tarixində silinməz iz qoyduğunu, azadlıq mübarizəsini davam etdirən xalqın nəhayət 1991-ci ildə yenidən istiqlaliyyətinə qovuşduğunu bildirən səfir, ilk vaxtlarda siyasi və iqtisadi böhran, tənəzzül, habelə Ermənistanın Azərbaycan torpaqlarını işğalının səbəb olduğu humanitar fəlakətlərlə üzləşən Azərbaycanın, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən dövlət quruculuğu və iqtisadi islahatlar nəticəsində böhrandan çıxaraq tərəqqiyə nail olduğunu, bütün sahələrdə  yüksəliş və inkişaf müşahidə edildiyini, bu inkişaf və tərəqqinin hal-hazırda da ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində davam etdiyini vurğulamışdır. 

Səfir Əli Əlizadə bu il 25-i ci ildönümü tamam olan Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərinin olduğunu, səmimi dostluq və qardaşlığa əsaslandığını, ölkələrin demək olar ki bütün məsələlərdə bir-birini dəstəklədiyini diqqətə çatdıraraq bildrmişdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olan Pakistanın, təcavüzkar siyasətinə görə Ermənistanı bir dövlət kimi tanımaqdan imtina etməsini Azərbaycan dövləti və xalqı çox yüksək qiymətləndirir.  Ötən il Pakistan baş nazirinin Azərbaycana, bu il isə Azərbaycan Prezidentinin Pakistana səfəri, eyni zamanda digər çoxsaylı səfərlər qarşılıqlı əməkdaşlığın inkişafında çox önəmli rol oynamışdır. Ötən müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsi artmış, iqtisadi, hərbi-texniki, müdafiə sənayesi, təhsil, turizm sahəsində əlaqələrin daha inkişafı sahəsində mühüm addımlar atılmış, Pakistan vətəndaşları üçün viza rejimi sadələşdirilmiş, Pakistanla enerji sahəsində əməkdaşlığa start verilmişdır. Eyni zamanda, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələr iki ölkənin xalqları arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə vermişdir. Səfir Azərbaycanla Pakistanın dostluq əlaqələrinin əbədiliyinə əminliyini ifadə edərək diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü münasibətilə öz təbriklərini çatdırmış, 25-il ərzində göstərilən əməkdaşlığa görə Pakistan dövlətinə və xalqına təşəkkür etmişdir.

Tədbirin ali qonağı, Pakistanın federal ticarət naziri Xürrəm Dəstgir Xan rəsmi qəbulda çıxış edərək Pakistanın Baş naziri Nəvaz Şərifin adından Azərbaycan Prezidentinə və xalqına təbriklərini çatdırmış, müstəqilliyini yenidən qazandıqdan sonra bütün sahələr üzrə tərəqqiyə nail olan qardaş Azərbaycanın regionun güclü dövlətlərindən birinə çevrildiyini, Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin son 25 ildə təqdirəlayiq inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışdır. Nazir bu qısa dövr ərzində möhkəm təməllər üzərində inşa edilmiş Azərbaycan-Pakistan əlaqələrinin həm bu ölkələrin əhalisinin, həm də ümumilikdə region xalqlarının gələcəkdə sülh, sabitlik və firavanlıq içərisində yaşamasında müstəsna rol oynayacağına əminliyini ifadə etmişdir. O, həmçinin hər iki ölkənin iqtisadi əməkdaşlığı genişləndirməyi, enerji və müdafiə sahələrində işgüzarlığın artırılmasını qərarlaşdırdıqlarını da əlavə etmişdir.    

Çıxışlardan sonra dostluq və əməkdaşlıq rəmzi olaraq hər iki ölkənin bayraqlarının əks olunduğu rəmzi tort kəsilmiş, Azərbaycanın iqtisadi nailiyyətlərinə və turizm potensialına dair müxtəlif videoçarxlar nümayiş olunmuşdur. Tədbir iştirakçılarına Azərbaycan və Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər, CD, DVD və digər əyani materiallar paylanmışdır. Rəsmi qəbul Pakistan mediası tərəfindən geniş işıqlandırılmış, “The Nation”, “Pakistan Observer”, “Business Recorder” qəzetlərində və digər nüfuzlu kütləvi informasiya vasitələrində qəbulla bağlı xəbər materialları dərc edilmiş, səfir Əli Əlizadənin PTV World beynəlxalq telekanalında müsahibəsi də yayımlanmışdır.  

 

Arxiv üzrə axtarış