2017-07-04

Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səalhiyyətli səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyinin yeni təyin olunmuş xüsusi katibi Seyid Abrar Hüseyin ilə görüşüb.

 Xüsusi katibi təyinatı münasibəti ilə təbrik edən səfir Əli Əlizadə Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, bir çox oxşarlıqlara və dəyərlərə malik hər iki ölkənin bir birini daim dəstəklədiyini, Pakistanla bütün sahələrdə əlaqələrin inkişafının prioritet daşıdığını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, Ermənistanın Azərbaycana təcavüzünə qarşı Pakistanın sərgilədiyi ədalətli mövqeyin yüksək qiymətləndirildiyini bildirib.

Seyid Abrar Hüseyin Azərbaycanla Pakistan kimi bir birini dəstəkləyən ölkələrə nadir hallarda rast gəlindiyini, bu dəstəyin tarixən davam etdiyini, Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu və bugünədək Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistanın işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını bildirib.

Görüşdə həmçinin iqtisadi və ticari əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, qarşılıqlı səfərlərin təşkili, iki ölkənin şəhər və regionları arasında münasibətlərin genişləndirilməsi perspektivləri, xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının artırılması və müəyyən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış