2017-09-13

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistanın federal təhsil və peşəkar təlim üzrə naziri, YUNESKO üzrə Pakistan Milli Komissiyasının sədri Məhəmməd Baliğ ur Rəhmanla görüşüb.

Görüşdə Azərbaycan və Pakistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkə rəhbərlərinin xüsusi səyləri vurğulanıb, hər iki ölkə arasında mövcud olan səmərəli əməkdaşlığın və yüksək əlaqələrin səviyyəsindən məmnuluq ifadə olunub, təhsil sahəsində müqavilə hüquq bazasının təkmilləşdirilməsi və həyata keçirilən layihələrin artırılması önəmi qeyd edilib.

Səfir Əli Əlizadə təhsil sahəsində layihələrin daha da artırılması üçün münbit şəraitin olduğunu, Azərbaycanda Pakistanlı tələbələrin sayının hər il artdığını, cari ayda  Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaları üçün seçilmiş beş pakistanlı tələbənin ölkəmizə bir həftəlik səyahətinin təşkil olunacağını və azərbaycanlı tələbə və mütəxəssislərin də Pakistanın yüksək təhsil və təlim müəssisələrində vaxtaşırı təcrubə kurslarına cəlb olunduğunu bildirib.

Nazir Məhəmməd Baliğ ur Rəhman Azərbaycana etdiyi səfərləri, şahidi olduğu yüksək nailiyyətləri, azərbaycanlılarda Pakistana olan xususi münasibəti vurğulayaraq Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, iki ölkə arasında mövcud olan etimadın önəmli olduğunu bildirib və Pakistanın azərbaycanlı tələbələri hər zaman qəbul etməyə hazır olduğunu, təhsil sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bütün layihələrin dəstəklənəcəyini vurğulayıb.

Arxiv üzrə axtarış