Pakistanda keçirilmiş Dünya Turizm Konfransı 2017-də Azərbaycanın turizmi ilə bağlı təqdimat keçirilmişdir.
Pakistanın paytaxtı İslamabad şəhərində Dünya Turizm Günü münasibəti ilə keçirilmiş Dünya Turizm Konfransı 2017-yə qatılan Azərbaycanın Pakistandakı Səfirliyi Azərbaycanın turizm imkanları ilə bağlı təqdimat keçirmişdir. ; Pakistanın Kəşmir işləri və Gilgit-Baltistan üzrə federal naziri Məhəmməd Barcis Tahirin əsas qonaq qismində qatıldığı beynəlxalq konfransda Azərbaycan, Portuqaliya, Yunanıstan, Mərkəzi Asiya ölkələri, Malayziya, İndoneziya, Şri Lanka, Nepal, Maldiv və digər ölkələrin səfirlikləri, həmçinin Pakistanın tanınmış turizm şirkətləri ölkələrinin malik olduğu turizm potensialı, turizm təşviqi üzrə həyata keçirilən tədbirlər və əlverişli qanunvericilik bazası barədə iştirakçıları məlumatlandırmışlar. Səfirlər çıxışlarında əsasən, öz ölkələrinin tarixi abidələri, istirahət və əyləncə məkanları, təbii gözəllikləri ilə bağlı faktları diqqətə çatdıraraq ölkələrinin turistlər üçün müstəsnalığını vurğulamışlar.Konfransda çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə dünyanın tarixi-mədəni irs və təbii zənginlik, müasir gözəllik baxımından ən cəlbedici ölkələrindən olan Azərbaycanın 11 iqlim qurşağından 9-na malik olduğunu, qonaqpərvər Azərbaycan xalqının dünyanın bütün xalqları ilə, o cümlədən qardaş Pakistan xalqı ilə dostluq münasibətlərinə, müştərək tarixi-mənəvi bağlara, əlaqələrə malik olduğunu diqqətə çatdırmışdır Səfir Azərbaycanın son illərdə turizm sahəsində çox önəmli islahatlar həyata keçirdiyini, Azərbaycan Prezidentinin müvafiq fərmanı əsasında tətbiq olunan “ASAN Viza”-sadələşdirilmiş elektron viza sistemi ilə ölkəyə səyahətin xeyli asanlaşdığını bildirmişdir.
Azərbaycanın milli tarixini və modern inkişafını özündə əks etdirən İçəri şəhərin, Şirvanşahlar Sarayının, Qobustan, Atəşgah komplekslərinin, həmçinin Bakı bulvarı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Kristal Zal kimi görməli yerlərin məkanı olan paytaxt Bakı şəhəri ilə yanaşı Azərbaycanın digər bölgələrində də nəzərəçarpacaq turizm imkanlarının olduğunu, qədim Böyük İpək Yolunun üzərində yerləşən Şəki, Gəncə , eləcə də Qəbələ, Quba və digər şəhərlərin zəngin tarixi və turizm imkanlarına malik olduğunu vurğulamışdır. Səfir Əli Əlizadə Azərbaycanın ən qədim məkanlarından olan təkcə Naxçıvan Muxtar Respublikasında 1200 tarixi-mədəni abidənin mövcud olduğunu bildirmişdir. Səfir dünyanın nadir palçıq vulkanlarının əsas məskəni olan Azərbaycanda Naftalan, Darıdağ, Duzdağı kimi müalicəvi turizm komplekslərinin, xizək turizmi üçün geniş şəraitin olduğunu, ölkəmizin eyni zamanda təamlı və zəngin mətbəxə malik olduğunu qeyd etmişdir. Səfir aparılan islahatlar nəticəsində Azərbaycana səyahət edən turistlərin sayının ilbəil sürətlə çoxaldığını, təkcə 2016-cı illə müqayisədə 2017-ci ildə Pakistandan Azərbaycana səyahət edənlərin sayının 3 dəfədən çox artdığını vurğulamışdır.
Konfrasda Azərbaycanın turizm potensialına, tarixi-mədəni abidələrinə, eləcə də istirahət məkanlarına dair nümayiş etdirilən videoçarx geniş maraqla qarşılanmış, iştirakçılara Azərbaycanın turizminə aid əyani təbliğat materialları paylanmışdır. Pakistanın yerli televiziya kanallarında səfirin Azərbaycanın turizm potensialına dair verdiyi müsahibəsi də yayımlanmışdır.