Pakistanda Azərbaycanın Müstəqilliyin bərpasının 26-cı ildönümünə həsr olunmuş “Əli və Nino” filminin premyerası keçirilib
Azərbaycanın Pakistandakı Səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində ilk dəfə olaraq “Əli və Nino” filminin premyerası təşkil olunub.
Pakistan Milli İncəsənət Şurasının zalında keçirilən mərasimdə Pakistan xarici işlər nazirin müavini, xarici işlər katibi vəzifəsini icra edən Eytizaz Əhməd, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Azərbaycanın Pakistandakı Səfirliyinin əməkdaşları, media mənsubları, incəsənət xadimləri, şəhər ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.
Premyera iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi əsasında ərsəyə gəldiyini, onun eyni zamanda filmin icraçı prodüseri olduğunu bildirib. Səfir filmin maraqlı məqamları haqqında məlumat verərək filmin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikasının yaranmasından bəhs etdiyini vurğulayıb. Əli Əlizadə həmin dövrdə Azərbaycan xalqı tərəfindən yaradılan tarixin millətimizin yaddaşından silinmədiyini və 71 il sonra qəhrəman Azərbaycan xalqının öz müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdırıb. Səfir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü günü ərəfəsində “Əli və Nino” filminin premyerasının Pakistanda keçirilməsinin sevindirici olduğunu, bu 26 il ərzində dost və qardaş Pakistanla əlaqələrin daim inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.
Səfir filmin digər maraqlı məqamlarına da toxunaraq, 1918-ci ildə Şərqdə ilk demokratik müsəlman dövləti Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində azərbaycanlı, müsəlman Əli ilə gürcü, xristian Nino arasında yaranan sevginin, həmçinin onların müstəqil Azərbaycan uğrunda birlik və həmrəylik nümayiş etdirməsinin filmdə mükəmməl şəkildə təsvir edildiyini diqqətə çatdırıb. Səfir aralarındakı dini və etnik fərqliliyə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərərək ailə qurmasının, Azərbaycan xalqının birlik, həmrəylik və tolerantlıq mədəniyyətinin təcəssümü olduğunu vurğulayıb, iştirakçıların filmdən zövq alacağından əminliyini bildirib.
Tədbirin əsas qonağı qismində çıxış edən Pakistan xarici işlər nazirin müavini, xarici işlər katibi vəzifəsini icra edən Eytizaz Əhməd filmin premyerası və Azərbaycanın müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib, Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, hər iki dost və qardaş ölkə arasında səmimi və dərin münasibətlərin bərqərar olunduğunu ifadə edib. Eytizaz Əhməd ötən 26 ildə Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni sahədə xeyli tərəqqi əldə etdiyini, Prezident İlham Əliyevin müdrik siyasəti, çalışqanlığı və Azərbaycan xalqının səyləri nəticəsində müstəqilliyin daha da möhkəmləndiyini bildirib.
Çıxışlardan sonra “Əli və Nino” filminin premyerası keçirilib və film tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib. Filmin müxtəlif epizodları – gənclərin çətinlikləri dəf edərək bir-birinə qovuşması, azərbaycanlıların öz vətənlərinin müdafiəsi uğrunda mübarizəyə qalxması, xüsusilə də cox sevdiyi ailəsini belə müstəqillik yolunda fəda edən Əlinin şəhid olması səhnələri iştirakçıları xeyli duyğulandırıb. Filmin cari il və növbəti il ərzində Pakistanın bir sıra digər şəhərlərinin kinoteatrlarında da nümayiş etdirilməsi nəzərdə tutulub.