2017-10-24

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Islam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.

Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi diqqət verdiyini bildirən səfir Əli Əlizadə, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu qeyd edib, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin Pakistan Milli Assambleyası tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qarşılıqlı həyata keçirilmiş və keçiriləcək yeni layihələr, əməkdaşlıq imkanları haqqında məlumat verən səfir, parlamentlərarası əlaqələrin daha da inkişafı istiqamətində hər iki ölkənin parlament rəhbərlərinin və dostluq qruplarının səylərinin zəruri olduğunu, Pakistan Milli Assambleyası ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb. 

Pakistan Islam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu diqqətə çatdırıb, Azərbaycanla əlaqələrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib.  Pakistanın Ermənistanı bir ölkə olaraq tanımadığını qeyd edən Sərdar Ayaz Sadiq, Ermənistanın əks səylərinə baxmayaraq Pakistanın Azərbaycanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

        

Arxiv üzrə axtarış