Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qəbul zamanı Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi, mədəni sahələrdə strateji tərəfdaşlığımızın uğurla inkişaf etdiyini məmnunluqla xatırladan tərəflər, hərbi-sənaye sahəsində əlaqələrə də böyük əhəmiyyət verildiyini bildirdilər. İqtisadi və müdafiə sahələrində əməkdaşlığın hər iki ölkənin qüdrətinin artmasına xidmət etdiyi vurğulanaraq, bu istiqamətdə qarşılıqlı faydalı münasibətlərin daha da dərinləşdirilməsi, hərbi-texniki və kadr hazırlığı, şəxsi heyətin təhsili, məqsədyönlü təlimlərin və təcrübə mübadilələrinin keçirilməsi, müdafiə sənayesi sahəsində mövcud potensialdan səmərəli yararlanmağın vacibliyi nəzərə çatdırıldı.
Dünyada gedən qlobal proseslər fonunda Ermənistanın separatizmə söykənən işğalçılıq siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığını deyən Baş nazir Artur Rasi-zadə, Pakistanın bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəklədiyini minnətdarlıqla qeyd etdi.
Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayat, Pakistan dövlətinin bundan sonra da xalqımızın ədalətli mübarizəsində daim Azərbaycanın yanında olacağını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğuladı.
Qəbulda iqtisadi və hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.