2017-12-04

Azərbaycanın Pakistandakı Səfirliyi Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının İslamabad şəhərində təşkil etdiyi illik xeyriyyəçilik bazarında iştirak etmişdir.

19 xarici dövlətin Pakistandakı səfirliklərinin, habelə yerli şirkətlərin iştirakı ilə keçirilən bazarda hər bir təmsil olunan ölkənin mədəni dəyərlərinə, adət-ənənələrinə, iqtisadiyyatına, turizm potensialına və digər sahələrinə dair materiallar nümayiş etdirilmişdir.

Tədbirin ali qonağı, Pakistanın birinci xanımı Mahmudə Məmnun Hüseyn çıxışında Qadınlar Assosiasiyasının xeyriyyəçilik tədbirini qeyri-rəsmi diplomatiyanın dəstəklənməsi, həmçinin xalqlar və mədəniyyətlər arasında vəhdət və həmrəyliyin təşviq edilməsi kimi qiymətləndirmişdir.  

Pakistan XİN Qadınlar Assosiasiyasının prezidenti xanım Ayişə Haq təşkilatın imkansızlara, əlillərə, müxtəlif fəlakətlərdən ziyan çəkənlərə əl tutduğunu bildirərək, fəal iştiraka görə səfirliklərə və şirkətlərə təşəkkür etmişdir.

Tədbirin rəsmi hissəsinin davamı olaraq “Ölkələr Paradı”nda da təmsil olunan Azərbaycan Səfirliyi tərəfindən Azərbaycan bayrağı Azərbaycan milli geyimində diplomatlarımızın övladları tərəfindən səhnədə dalğalandırılmış, Azərbaycanın “Sarı gəlin” mahnısının səadaları altında Nəzrin Əlizadənin ifasında Azərbaycan milli rəqsi tamaşaçılara nümayiş etdirilmişdir.

Azərbaycan pavilyonunda isə Azərbaycanın milli geyimləri, Azərbaycan mətbəxinin ləziz nümunələrindən qoğal, şəkərbura, tort, paxlava, qutab və sair təamlarımız, eyni zamanda Azərbaycan tarixini və mədəniyyətini təzahür etdirən milli suvenirlər, Nizami məqbərəsinin, İçəri Şəhərin, Mömünə Xatın türbəsinin, Qız Qalasının, Şəki Xan sarayının, eləcə də aşıq sənətinin, milli musiqi alətlərinin və digər mədəniyyət nümunələrimizin əks olunduğu maketlər, Azərbaycan-Pakistan əlaqələrindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycanın sosial-iqtisadi inkişafından, turizm potensialından, görkəmli şəxsiyyətlərindən və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, fotoşəkillər xeyriyyə bazarına çıxarılmışdır.

Azərbaycan pavilyonu səfirliklər arasında zəngin təşkil olunanlardan və Azərbaycan Səfirliyi “Ölkələrən Paradında” mədəni proqramla az sayda təmsil olunan səfirliklərdən olmuşdur. Xeyriyyə bazarında iştirak edənlər Azərbaycanın təmsil olunduğu pavilyona böyük maraq göstərmiş və milli musiqimiz tədbirdə alqışlarla qarşılanmışdır.

Xeyriyyəçilik bazarında əldə olunan vəsait imkansız insanların ehtiyaclarının ödənilməsinə sərf olunan Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının fonduna təqdim edilmişdir.

 

Arxiv üzrə axtarış