Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əlaqələr inkişaf etdiriləcək
Dekabrın 7-də Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Birgə İşçi Qrupunun iclasında əməkdaşlıq üçün qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi və gələcək strategiyanın hazırlanması məsələləri müzakirə olunub.
İclasdan əvvəl nazir Heydər Əsədov və Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosan son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində əldə olunmuş nailiyyətləri əks etdirən stendlərlə tanış olublar.
Birgə İşçi Qrupunun iclasında kənd təsərrüfatı üzrə tədqiqat və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq, kənd təsərrüfatı məhsulları üzrə ikitərəfli ticarətin təşviqi və asanlaşdırılması, süd və ət istehsalının artırılması məqsədilə mal-qara rüşeymi, embrionu və camış toxumu mübadiləsi, yeni emal texnologiyalarının tətbiqi, meyvə, tərəvəz, ət, mal-qara və süd məhsullarının qablaşdırılması, saxlanması və marketinqi sahəsində əməkdaşlıq, xüsusi təhlükəli heyvan xəstəliklərinin laboratoriya diaqnostikası məsələləri müzakirə olunub. Eyni zamanda, Pakistandan Azərbaycana yüksək məhsuldar cins camışların idxalı məsələsinin araşdırılması, fitosanitar risklərin idarə olunması üzrə təcrübə mübadiləsi, yeni (ekzotik) zərərli orqanizmlərin aşkar olunması zamanı fövqəladə hallar, mübarizə və ləğvetmə tədbirləri üzrə təcrübə mübadiləsi məsələləri, mütərəqqi suvarma üsullarının və texnologiyalarının tətbiqi ilə əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi, aqrar elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın genişləndirilməsi, aqrar universitetlər arasında əlaqələrin qurulması və qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetirilib.
Sonda Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclasının yekun protokolu imzalanıb.
Tədbir çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə nazirlərin ikitərəfli görüşü keçirilib. Nazir Heydər Əsədov Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial imkanların olduğunu və iclasdan sonra bu sahədə də əməkdaşlıq üçün ciddi addımlar atılacağına əminliyini ifadə edib. Heydər Əsədov Azərbaycanda ölkə rəhbərliyi tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı, aparılan məqsədyönlü siyasət, son dövrlərdə aqrar sahədə əldə olunan nailiyyətlər, ənənəvi sahələr - pambıqçılığın, çəltikçiliyin, ipəkçiliyin inkişafı, heyvandarlıq və bitkiçilik sahəsinə ayrılan subsidiyalar, güzəştlər barədə məlumat verərək, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlıq üçün hüquqi bazanın yaradılmasını, işçi qrupunun idxal-ixracın strukturunu araşdırmasını, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarını Pakistana ixrac imkanlarını araşdırmaqla konkret təkliflər verməsini məqsədəuyğun sayıb.
Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosan əməkdaşlıq üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Sikandar Hayat Xan Bosan keçirilən görüşlərdən məmnun olduğunu qeyd edib və Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə olduğu kimi, ölkəsinin kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verdiyini nəzərə çatdırıb. Qonaq Pakistanda aqrar sahədə elmi təminata xüsusi diqqət yetirildiyini, heyvandarlıqda böyük ixrac potensialının olduğunu, sanitar qaydalara riayət edildiyini və innovativ texnologiyaların geniş tətbiq olunduğunu, ölkəsində düyü, quşçuluq və heyvandarlıq məhsullarının böyük ixrac potensialının mövcudluğunu diqqətə çatdırıb. Həmçinin Pakistan fermerlərinin Azərbaycanda istehsal olunan “Belarus” markalı traktorlara maraq göstərdiyini vurğulayaraq, heyvandarlıq, xüsusən camışçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, bu sahə üzrə ekspertlərin görüşlərinin keçirilməsini, o cümlədən Pakistanda yetişdirilən məhsulların Azərbaycanda sərgisinin təşkil olunmasını məqsədəuyğun hesab edib.
Sikandar Hayat Xan Bosan imzalanan protokolun iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.
Sonda nazir Heydər Əsədov Pakistan iş adamlarını və şirkətlərini Azərbaycanda hər il keçirilən kənd təsərrüfatı sərgisinə dəvət edib.