2018-01-29

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın nüfüzlu mətbuat orqanlarından biri olan “The News” qəzetinə müsahibə vermişdir.

Pakistanla əlaqələrə dair fikrlərini bölüşən səfir Əli Əlizadə Azərbaycan və Pakistan arasındakı münasibətlərin səmimi və möhkəm əsaslara söykəndiyini qeyd etmiş və Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.
İki ölkə arasındakı əməkdaşlıq sahələri ilə bağlı sualları cavablandıran səfir, Azərbaycanla Pakistan arasında bütün əsas sahələr üzrə münasibətlərin qurulduğunu bildirmişdir. Səfir Pakistan vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil aldığını, eləcə də Bakı Dövlət Universitetində urdu dili fakiltəsinin fəaliyyət göstərdiyini və azərbaycanlı tələbələrin də urdu dilini öyrəndiyini, hər il Heydər Əliyev Fondunun təşəbbüsu və dəstəyi ilə bir çox humanitar və sosial layihələrin Pakistanın müxtəlif bölgələrində, təhsil, səhiyyə müəssisələrində həyata keçirldiyini bildirmişdir. Səfir Pakistanla bir çox sahələr üzrə, müdafiə sənayesi, təhlükəsizlik, iqtisadi-ticari, kənd təsərrüfatı, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini vurğulamış, lakin real potensialın daha çox olduğunu qeyd etmişdir. Səfir 2017-ci il ərzində ticari-iqtisadi və kənd təsərrüfatı sahələrində olmaqla iki birgə işçi qruplarının təsis edildiyini, məhsulların qarşılıqlı ixracı, birgə müəssisələrin yaradılması, mövcud nəqliyyat dəhlizlərinin imkanlarından istifadə etməklə ikitərəfli ticarət həcminin artırılmasının mümkün olduğunu, Azərbaycanın yeni yaradılmış  sənaye və texnologiya parklarında sahibkarların müxtəlif vergi imtiyazlarından yararlandığını diqqqətə çatdıraraq pakistanlı iş adamlarını bu cür imkanlardan istifadə etməyə dəvət etmişdir.                             
Ölkəmizə səfər edən pakistanlılarla bağlı suala cavab olaraq səfir bildirmişdir ki, Azərbaycan çox yaxşı turizm infrastrukturuna və zəngin tarixi, mədəni və təbii irsə malikdir, bu da öz növbəsində dünyanın bir çox yerlərindən turistləri cəlb edir. O qeyd etmişdir ki, ölkə Prezidentinin sərəncamı ilə pakistan vətəndaşları üçün də viza prosedurları sadələşdirilmişdir. “Həm ölkələrimiz arasındakı isti və qardaşlıq münasibətləri səbəbindən, eyni zamanda Azərbaycanda mövcud olan infrastruktur, sabitlik və sadə viza rejiminə görə 2017-ci ildə ölkəmizə gələn pakistanlı turistlərin də sayı beş dəfədən çox artmışdır.Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) ilə bağlı suala cavabında, Əli Əlizadə Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını, Böyük İpək Yolu üzərində yerləşən nəqliyyat dəhlizləri ilə bağlı layihələr həyata keçirdiyini, Pakistanı da bu layihələrə qoşulmağa dəvət etdiyini və eyni zamanda ölkəmizin də CPEC layihəsinə qoşulmaq üçün dəvət olunduğunu söyləmişdir. Səfir Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılmasından sonra Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətinin daha da artdığını, hazırda icrası davam edən Şimal-Cənub və Şərq-Qərb tranzit dəhlizlərinin tam istifadəyə verilməsindən sonra daha yeni imkanların açılacağını vurğulamışdır.; İkitərəfli münasibətlərin inkişafında KİV-rin oynaya biləcəyi rolla bağlı fikirlərini bölüşən səfir, müasir dövrdə KİV-in əlaqələrdə önəmli rol oynadığını vurğulamış və mətbuatın Pakistan ilə Azərbaycan arasında mövcud olan münasibətləri, potensialı və imkanları işıqlandırmaqla qardaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verə biləcəyini diqqətə çatdırmışdır.

 

Arxiv üzrə axtarış