Seminar: “İnsanlığa qarşı cinayətlər - Etnik Təmizləmə və Soyqırımları”
Azərbaycanın Respublikasının Pakistandakı Səfirliyi və Pakistan Xarici İşlər Nazirliyinin İslmabad Strateji Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuş, “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart -Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr olunmuş “İnsanlığa qarşı cinayətlər-Etnik Təmizləmə və Soyqırımları” mövzusunda seminar İslamabad şəhərində keçirilmişdir.
Pakistan Baş Nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, ehtiyyatda olan general-leytenat Nasir Xan Cancuanın ali qonaq qismində təşrif buyurduğu tədbirə İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal, Türkiyə, Özbəkistan və Tacikistanın Pakistandakı səfirləri, yüksək rütbəli diplomatlar, media mənsubları, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri qatılmışlar. Seminarda Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilmiş, Xocalı Soyqırımına dair sənədli film nümayiş etdirilmiş, seminarın keçirildiyi zalın foyesində qətliamın nəticələrini əks etdirən foto-stend, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar sərgilənmiş, iştirakçılar arasında yayılmış və paylanmışdır.
Seminarı giriş sözü ilə açan İnstitutun direktoru Xalid Mahmud “Böyük Ermənistan” xəyalları ilə yaşayan erməni ekstremistlərinin tarixən Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeritdiyini, 1918-ci ilin mart ayında Azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiyini, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında bu qəddarlığın şahidi olduğunu qeyd etmiş, Ermənistan tərəfindən törədilən, tarixin ən dəhşətli hadisələrindən olan Xocalı Soyqırımının artıq dünya tərəfindən qəbul edilərək tanındığını vurğulamışdır.
Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal bəşəriyyət əleyhinə cinayətlərə siyasi mülahizələr səbəbindən zamanında ədalətli qiymət verilmədiyini, ikili standardlar üzündən dünyanın aparıcı dövlətlərinin Ermənistan tərəfindən törədilən soyqırımların, o cümlədən Xocalı Soyqırımına ədalətli münasibət göstərilmədiyini diqqətə çatdırmış, Xocalıya ədalətin bərqərar edilməsinə çağırmışdır.
Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycan türklərinə qarşı Ermənistanın törətdiyi Xocalı Soyqırımının Türkiyə xalqının zehnində və ürəyində olduğunu, Azərbaycanın ağrı-acısının Türkiyənin ağrı-acısı olduğunu vurğulayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyini, bununla bağlı BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasının vacibliyini ifadə etmişdir. Dünya güclərinin türk və müsəlmanlara qarşı ayrıseçkiliyə yol verdiyini bildirən səfir Ermənistanın 1915-ci il hadisələrinə dair iddialarının əsassız olduğunu, Ermənistanın türklərə qarşı etnik təmizləmə siyasətindən əl çəkərək, sülhə gəlməli olduğunu demişdir.
Son 100 il ərzində böyük Ermənistan dövlətinin yaradılması xülyaları ilə ermənilər tərəfindən azərbaycanlılara və ümumilikdə türklərə qarşı törədilmiş terrorçuluq və etnik təmizləmə siyasəti barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ermənilərin 1905-1907 və 1918-20-ci illərdə azərbaycanlılara qarşı aşkar şəkildə genişmiqyaslı cinayətlər törətdiyini, yalnız Azərbaycanda deyil, Türkiyə, İran və bir sıra digər ölkələrdə qətliamlar həyata keçirdiyini vurğulamışdır. 2010-2016-cı illərdə İranda baş konsul işlədiyi vaxtlarda ermənilərin törətdiyi qırğınların hələ də Təbriz, Urmiya, Xoy və Səlmas əhalisinin yaddaşında qalmasının bilavasitə şahidi olduğunu ifadə edən səfir ermənilərin sistemli şəkildə Azərbaycanlılara qarşı soyqırım siyasətini reallaşdırmağa çalışdığını, 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdiyini, Xocalını yerlə yeksan etdiyini və qədim Azərbaycan tarixini əks etdirən abidələri, muzeyləri və məscidləri tamamilə dağıtdığını qeyd etmişdir. Ümummilli lider Heydər Əliyevin “Xocalı Soyqırımı erməni şovinistləri və millətçiləri tərəfindən son 200 ildə Azərbaycanlılara qarşı davamlı aparılan soyqırım və etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsidir”-sözlərindən sitat gətirən səfir Xocalı Soyqırımını tanıyan ölkələrin sayının ilbəil artdığını bildirərək, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı Soyqırımının tanınmasına və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınamasına görə Pakistan xalqına və dövlərinə minnətdarlığını çatdırmışdır. Səfir beynəlxalq hüquqa uyğun olaraq və BMT-nin qətnamələrinə əsaslanaraq, beynəlxalq ictimaiyyəti təcavüzkarın qarşısının alınmasına və soyqırımı törədənlərə qarşı praktiki addımlar atılmasına çağırmışdır.
Xüsusi qəddarlıqla törədilən Xocalı Soyqırımının tarixin ən ağrılı olaylarından olduğunu və Pakistanın hər zaman Azərbaycanın dərdinə şərik çıxdığını bildirən tədbirin ali qonağı, Pakistan Baş Nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ehtiyyatda olan general-leytenant Nasir Xan Cancua 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Pakistan arasında çox səmimi dostluq və qardaşlıq münasibətlərinin yarandığını və bütün sahələr üzrə inkişaf etdiyini diqqətə çatdırmışdır. Hərbçi general kimi müxtəlif döyüşlərin şahidi olduğunu, amma Xocalıda silahsız, kimsəsiz insanlara qarşı edilmiş vəhşiliklərin misli görünmədiyini deyən Baş nazirin müşaviri Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəklədiyini, 2012-ci ildə Pakistan Senatının, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı Soyqırımını tanıyan və Ermənistan qoşunlarının bütün Azərbaycan torpaqlarını tərk etməsini tələb edən müvafiq qətnamələr qəbul etdiklərini bildirmişdir. Ötən dövr ərzində xüsusi tərəqiyyə və inkişafa nail olmuş Azərbaycanın hüzuru ilə yanaşı acısının da Pakistanın acısı olduğunu, Kəşmir məsələsinin həllində Pakistana verdiyi dəstəyə və Kəşmir üzrə İƏT Təmas qrupunun üzvü kimi verdiyi töhfələrə görə Azərbaycana təşəkkürlərini ifadə edən Baş nazirin müşaviri Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələr üzrə daha da inkişaf edəcəyinə əmin olduğunu bəyan etmişdir.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə yekunlaşmışdır. Seminar həmçinin, Pakistanın aparıcı televiziyaları və qəzetləri tərəfindən geniş işıqlandırılmış, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibələri televiziyalarda yayımlanmışdır.