2018-03-30

1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş Soyqırımın 100-cü ildönümünə dair Press Reliz

Bu il Azərbaycan xalqı 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımın 100-cü ildönümünü yad edir.

Qeyd olunmalıdır ki, erməni şovinistləri və onların dəstəkçiləri Azərbaycan torpaqları, eləcə də Türkiyə və Gürcüstan əraziləri üzərində mifik “Böyük Ermənistan” yaratmaq məqsədi ilə, son 2 əsrdə Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və deportasiya siyasəti həyata keçirmişlər.

Bu siyasətin başlanğıc nöqtəsi kimi, 19-cü əsrin əvvəllərindən etibarən,  İran və Türkiyədən minlərlə erməni ailələri tarixi Azərbaycan əraziləri olan Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər əyalətlərə köçürülmüşdür.

Özlərinin qeyri-qanuni Azərbaycanlılara qarşı etnik təmizləmə hədəfinin icrası olaraq, ermənilər 1918-ci ilin martında Azərbaycanlıların kütləvi qətlini həyata keçirmişlər. Erməni qoşunları 31 mart, həmçinin 1-2 aprel 1918-ci il tarixində Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə silsiləvi qanlı qırğınlar törətmişlər. Bu soyqırım zamanı, tarixi bina və ziyarətgahlar top atəşinə məruz qalmış, Cümə və Təzəpir məscidlərinin minarələri ciddi zədələnmişdir. Bütün bu günahsız Azərbaycanlılar məhz onların milli və dini mənsubiyyətinə görə qətlə yetirilmişlər. Qiymətli tarixi abidələr, məscidlər, habelə məktəb və xəstəxanalar silahlı erməni millətçiləri tərəfindən dağıdılmışdır.

Aradan uzun illər keçsə də, o qanlı soyqırım unudulmamışdır. Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti ermənilərin törətdiyi ağır cinayətləri araşdırmaq üçün 1919-cu ild’ “Fövqəladə Təhqiqat Komissiyası təsis etsə də, ADR-in süqutu ilə bu proses dayandırılmışdır.

Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini yenidən qazanmasından sonra, uzun illər gizli saxlanmış həqiqətlər tədricən aşkara çıxmışdır. Soyqırımdan 80 il sonra, Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, “Azərbaycanlıların Soyqırımı Günü” elan edilən  31 mart günü hər il Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, müvafiq tədbirlər planı təsdiq edilmiş və icra edilməkdədir.

Bu soyqırımdan sonrakı dövrlərdə də ermənilərin Azərbaycanlılara qarşı davam edən düşmənçilik hərəkətləri sübut etmişdir ki, erməni şovinistləri öz kin-nifrətlərindən əl çəkməmişlər. Etnik təmizləmə və təcavüz siyasətinin davamı olaraq, Ermənistan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal edərək, 1 milyon Azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Erməni terroristləri 1992-ci ilin fevralın 26-da Xocalıda heç bir fərq qoymadan bütün əhalini qanına qəltan edərək, misli görünməmiş soyqırım törətmişdir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etmişdir. Buna baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərarlara məhəl qoymayan Ermənistan tərəfi daim qeyri-konstruktiv mövqe nümayiş etdirərək, regionda sülhün bərqərar olmasına maneələr yaradır.

Ədalətə nail olmaq, həmin faciələr zamanı qətlə yetirilən şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin funksionallığını təmin etmək məqsədi ilə, Azərbaycan 31 mart – 2 aprel 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş qırğınları  soyqırım aktı kimi tanımağa çağırır. Beynəlxalq ictimaiyyət insanlığa qarşı törədilən bu qatı cinayətlərə beynəlxalq səviyyədə genosid aktı kimi hüquqi-siyasi qiymət verməli və Ermənistana qarşı zəruri sanksiyalar tətbiq etməlidir. Soyqırım törətmiş cinayətkarlar mühakimə edilməli və cəzalandırılmalıdır. Ermənistan Azərbaycanın ərazi bötüvlüyünü təmin etməyə və qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa etməyə məcbur olunmalıdır.

 

Azərbaycan Respublikasının Səfirliyi                                                                                                  İslamabad, Pakistan

             30 Mart, 2018-ci il

 

Arxiv üzrə axtarış