2018-04-08

Azərbaycanın Pakistandakı Səfirliyi “Novruz Bayramı – 2018: Regional rifah üçün rabitə” adlı tədbirdə iştirak etmişdir

Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyində  Novruz Bayramı münasibəti ilə təşkil olunan bu tədbirdə Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif, Xarici İşlər katibi Təhminə Cancua, Pakistan xarici işlər nazirinin müavinləri və məsul əməkdaşları, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, həmçinin ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nüməyəndələri iştirak etmişlər. Tədbirin bir hissəsi olaraq Novruz bayramının qeyd olunduğu ölkələrin Pakistandakı səfirliklərinin təşkil etdiyi sərgidə hər bir səfirlik öz ölkəsinin mədəniyyətini, adət-ənənəlirini, milli mətbəxini və siyasi-tarixi inkişafını, iqtisadi tərəqqisini təbliğ edən müxtəlif materialları nümayişə çıxarmışdır.

Mərasimdə çıxış edən natiqlər Asiya qitəsinin qədim bayramlarından olan Novruzun insanlar arasında həmrəylik, mərhəmət və şəfqət duyğularının təcəssümü olmaqla, region xalqları arasında sülhün, mehribanlığın, qarşılıqlı yardımlaşmanın bərqərar edilməsində çox mühüm rol oynadığını qeyd etmiş, tədbirin təşkilatçılarına və iştirakçı ölkələrə təşəkkürlərini çatdırmışlar.

Çıxışlardan sonra, Pakistanın xarici işlər naziri və tədbirə təşrif buyurmuş digər qonaqlar  Novruz Bayramının qeyd olunduğu ölkələrin sərgi pavilyonları ilə tanış olmuşlar. Azərbaycanın Pakistandakı Səfirliyi tərəfindən nümayiş etdirilən Azərbaycan pavilyonunda Azərbaycan mətbəxinin ləziz nümunələrindən qoğal, şəkərbura, paxlava, qutab, dolma və sair təamlarımız, eyni zamanda Azərbaycan tarixini və mədəniyyətini əks etdirən milli suvenirlər, Azərbaycan xalqının milli bayramı Novruzun yaranma tarixi və qeyd olunma formaları barədə kitablar, həmçinin Azərbaycanın siyasi-iqtisadi tərəqqisini, mədəni zənginliyini əks etdirən kitab, fotoşəkil və suvenirlər iştirakçıların böyük marağına səbəb olmuşdur.

 

 

Arxiv üzrə axtarış